Bakı daha bir münaqişəni həll edəcək? – İslam dünyasına siqnal

1613831981 1613830090 1613825128 bayraq baki

Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək. Rəsmi Bakının Qoşulmama Hərəkatına sədrliyi və COP29-a ev sahibliyi etməsi yeni vəzifədəki fəaliyyətinə ümidləri artırıb.

Ekspertlər iddia edir ki, Azərbaycan İƏT sədrliyi dövründə Qəzzadakı gərginliyə toxuna, İsrail və Fələstin arasında vasitəçi ola bilər.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın İƏT-ə sədrlik etməsi ölkəmizin nüfuzu baxımdan önəmli hadisədir:

“Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yaxşıdır. Xüsusilə islam ölkələrinin əksəriyyəti ilə Azərbaycanın yüksəksəviyyəli münasibətləri var. Təşkilata sədrlik dövründə bu münasibətlər daha da inkişaf edəcək.

O ki qaldı ölkəmizin Qəzza ilə bağlı addım atmasına, bu, maraqlı məsələdir. Ümumiyyətlə, ABŞ Prezidenti Donald Trampın bir neçə gün öncə Qəzza ilə bağlı irəli sürdüyü plan ərəb ölkələri tərəfindən xoş qarşılanmadı. Hətta 5 ərəb ölkəsi bu təklifə qarşı çıxdı. Bu planın həyata keçməsi ciddi problem yarada bilər.

Hər şeydən öncə Tramp bu ərazini özü üçün istəyir. Fələstinlilərin geri qayıtması isə nəzərdə tutulmur. Aydın məsələdir ki, ərazini İsrailə verəcək. Belə bir təklif qəbul edilə bilməz.

Azərbaycan Qəzza ilə bağlı təkliflər verə bilər, amma məsələnin 2026-cı ilə qalması çətin görünür. Tramp təklifində israrlıdır. Azərbaycanın həm İsrail, həm də Fələstinlə yaxşı münasibətləri olsa da, İƏT sədri kimi bu məsələdə aktiv rol oynamağımız inandırıcı deyil”.

Turan Rzayev 

Globalinfo.az