Azərbaycanlı məşhur işsizlikdən şikayətləndi

“Ayın sonuna qazancım yalnız kirayə puluna çatır. Qısa müddət ərzində Vətənimdə daimi bir iş tapa bilməsəm, yəqin ki, birdəfəlik çıxıb getmək məcburiyyətində qalacağam. Hansı ki, bir ildən artıqdır iş axtarıram”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Best Model of The World” yarışmasının qalibi, model Rüstəm Cəbrayılov sosial şəbəkə hesabında yazıb. İşsizlikdən gileylənən model ölkədən gedəcəyini bildirib:

“Green card”ım da var, Avropa vizalarım da. Bu günə qədər film və modellik səhəsində gördüyüm önəmli işlər isə özüm üçün kiçik bir xatirə qalar. Gələn il üçün təsdiqlədiyim iki böyük filmdən də imtina edərəm. Onsuz da söhbət pula gələndə kəsib tökürlər, məcburiyyətdən razılaşırsan. Bəlkə gəlsəm, baş rolunu canlandırdığım “Xocalı” və “20 Yanvar”la bağlı filmlərin təqdimatına gələrəm. Nə cv-mə, nə də yazdığım məktublara cavab gəldi. Vətən məni sevməsə də, mən onu çox sevdim”.

Qeyd edək ki, bir müddət əvvəl işsizlikdən şikayət edən R.Cəbrayılov Mədəniyyət Nazirliyinə müraciət etdiyini, eyni zamanda teatrda işə düzələ bilmədiyini söyləmişdi.