1777887097 11ec7f7999da10afd954c61ff7038a03

Prezident İlham Əliyevin İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoformatda qoşulması, ilk növbədə, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi davranış modelinin davamı kimi qiymətləndirilməlidir. Bu addım həm regional diplomatiyanın, həm də beynəlxalq siyasi kommunikasiyanın incə balansına hesablanmış mühüm mesaj xarakteri daşıyır”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.

Deputat bildirib ki, diqqət çəkən əsas məqam Azərbaycan Prezidentinin tədbirə məhz videoformatda qatılmasıdır:

“Bu detal təsadüfi deyil. Bakı bir tərəfdən regional dialoq platformalarından kənarda qalmaq niyyətində olmadığını nümayiş etdirir, digər tərəfdən isə Ermənistanın hələ də tam aradan qalxmayan siyasi və hüquqi manipulyasiyalarına, həm də bir sıra Avropa ölkələri və təsisatlarının anti-sülh ritorikasına qarşı ehtiyatlı mövqeyini qoruyub saxlayır.

Prezident İlham Əliyevin İrəvandakı sammitdə onlayn iştirakı onu göstərir ki, Bakı artıq özünü regional siyasi proseslərdə münaqişə tərəfi kimi deyil, qalib, şərtləri formalaşdıran və sülhün təşəbbüskarı, memarı olan dövlət kimi təqdim edir.

Digər tərəfdən, bu addım Ermənistana ünvanlanan birbaşa siyasi mesajdır. Mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin prosesin uzadılması və ya müxtəlif beynəlxalq platformalarda anti-Azərbaycan ritorikasının davam etdirilməsi nəticə verməyəcək. Bakı nümayiş etdirir ki, dialoq mümkündür. Amma bu dialoq revanşizm və ya xarici qüvvələrin himayəsi üzərində deyil, real siyasi iradə əsasında qurulmalıdır.

elcin mirzebeyli
Elçin Mirzəbəyli

Burada Avropa İttifaqına və bütövlükdə Qərbə ünvanlanan mühüm diplomatik mesaj da var. Son zamanlar bəzi Avropa institutlarında Azərbaycana münasibətdə müşahidə olunan qərəzli yanaşmalara baxmayaraq, Bakı Avropa siyasi platformaları ilə əlaqələri tam şəkildə qoparmır. Prezident İlham Əliyevin iştirak formatı Azərbaycanın selektiv və praqmatik diplomatiya həyata keçirdiyini göstərir. Yəni Bakı əməkdaşlığın mümkün olduğunu, lakin milli maraqlar və suverenlik məsələlərinin müzakirə predmeti ola bilməyəcəyini bəyan edir.

Digər mühüm məqam isə məsələnin psixoloji-siyasi aspektidir. Vaxtilə Ermənistanın işğal siyasəti fonunda münasibətlərin tamamilə qırıldığı bir mərhələdən sonra bu gün Azərbaycan Prezidentinin İrəvanda keçirilən beynəlxalq tədbirdə çıxış etməsini regionda yeni mərhələnin simvolik göstəricisi kimi dəyərləndirmək mümkündür.

Beləliklə, Prezident İlham Əliyevin bu sammitə onlayn qoşulması çoxqatlı siyasi mesaj kimi qəbul oluna bilər. Bu o deməkdir ki, Azərbaycan regionun əsas siyasi aktorudur, Bakı sülh gündəliyindən geri çəkilmir, Ermənistan yaranmış reallıqları qəbul etməlidir, Qərb Azərbaycanla münasibətdə daha balanslı və ədalətli siyasət yürütməlidir. Təbii ki, postmünaqişə dövrünün qaydalarını artıq Azərbaycan müəyyənləşdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: