neftttt

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycanın hələ də böyük həcmdə neft-qaz ehtiyatlarına malik olduğunu açıqlaması diqqət çəkib. Mütəxəssislərin fikrincə, bu, ölkənin enerji bazarındakı mövqeyini gücləndirə, Avropa üçün əhəmiyyətini artıra və əlavə gəlir imkanları yarada bilər.

Bəs yeni ehtiyatların istismarı Azərbaycana nə vəd edir? Bu, qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərə bilərmi? İqtisadiyyatın yenidən neft və qaz gəlirlərindən asılı vəziyyətə düşməsi riski varmı?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli hesab edir ki, Azərbaycan artıq qeyri-neft sektorunun inkişafına daha ciddi töhfələr verməyə hazırlaşır və hökumətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri məhz bu sahənin genişləndirilməsidir:

“Keçmiş təcrübə və beynəlxalq praktika göstərir ki, iqtisadiyyatın yalnız neft gəlirlərindən asılı olması uzunmüddətli perspektivdə müəyyən risklər yaradır. Bu baxımdan ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi dövlətin qarşısında duran prioritet vəzifələrdən biridir”.

eyyub kerimli 900x614 1

E.Kərimli deyib ki, yeni neft yataqlarının və ehtiyatlarının aşkarlanması iqtisadi imkanları artırsa da, əsas məqsəd əldə olunan gəlirlərin qeyri-neft sahələrinin inkişafına yönəldilməsidir:

“Təbii resurslardan asılı iqtisadiyyatlar vaxtında transformasiya həyata keçirmədikdə müəyyən dövrlərdə resessiya və iqtisadi çətinliklərlə üzləşə bilirlər. Buna görə də qeyri-neft sektoruna investisiyaların artırılması, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın diversifikasiyası xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu istiqamətdə ölkədə artıq konkret prioritetlər müəyyənləşdirilib. Həm dövlət başçısının müəyyən etdiyi iqtisadi strategiya, həm də hökumətin həyata keçirdiyi proqramlar neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsini nəzərdə tutur. Bu məqsədlə müxtəlif fəaliyyət planları və dövlət proqramları hazırlanıb və onların icrası davam etdirilir”.

İqtisadçı bildirib ki, hazırda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafına yönəlmiş yeni proqramların həyata keçirilməsi, eləcə də nəqliyyat və logistika imkanlarının genişləndirilməsi qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir:

“Xüsusilə ölkənin tranzit potensialının artırılması, infrastruktur layihələrinin reallaşdırılması və istehsal imkanlarının genişləndirilməsi gələcək iqtisadi artımın əsas dayaqlarından biri kimi çıxış edir. Bütün bunlar göstərir ki, keçmiş təcrübə iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini ortaya qoyub və bu gün həmin istiqamətdə ardıcıl addımlar atılır. Nəticə etibarilə, neft gəlirlərindən əldə olunan imkanların qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkənin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafına xidmət edəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: