Azərbaycanda yaşayan tanınmış yəhudi gizlinləri açdı: “Vaşinqtonda mənə təklif etdilər ki…”

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsi qərəzli və reallıqla heç bir əlaqəsi olmayan iddialardan ibarətdir.

Maraqlıdır, bəs həqiqət nədən ibarətdir?

Azərbaycandakı etnik azlıqlar və fərqli dinə etiqad edən şəxslər bu barədə nə düşünür? Azərbaycanda etnik və dini azlıqlara qarşı ayrı-seçkilik edilirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib ki, iftira atmaq ABŞ-ın köhnə adətidir.

O bildirib ki, 2015-ci ildə ABŞ-ın Kaliforniya ştatında ermənilərin “Dağlıq Qarabağ”ı tanıması haqqında bəyannaməsi verilmişdi:

“O zaman Vaşinqtonda olanda mənə təklif gəldi ki, gedim bu barədə çıxış edim. Bizə də, ermənilərə də çıxış üçün 10 dəqiqə söz verdilər. Mənə dedilər ki, “15 min km-dən çox məsafə qət edib gəlib burada Azərbaycanı müdafiə edirsiniz, siz ki, azərbaycanlı deyilsiniz”. Cavab olaraq dedim ki, azərbaycanlı olmağına azərbaycanlıyam, amma yəhudi əsilli azərbaycanlıyam! Sizdə isə bütün Amerika ya Afrika, ya Avropa, ya Latın Amerika əsilliləridir. Heç yerli amerikalı da yoxdur. İkincisi isə mən Azərbaycanın tamhüquqlu vətəndaşıyam.

Daha sonra sual verdilər ki, “sizin nə marağınız var ki, Azərbaycanı burada müdafiə edirsiniz? Dedim, “biz müharibə istəmirik, bunu prezidentimiz də dəfələrlə bəyan edib, amma siz qətnamə qəbul etməklə müharibəni alovlandırırsınız. İndi deyin görüm, bəs sizin müharibə yaratmaqda marağınız nədir? Aralarında bir nəfər də Qarabağı görməyib, lakin durub qətnamə qəbul etmək istəyirlər”.

M.Yevdayev dünyada dini və mədəni müxtəlifliyin harmoniyasını yarada biləcək yeganə dövlətin Azərbaycan olduğunu bildirib:

“O harmoniya da Azərbaycanın tolerant və multikultural modeli kimi bütün dünyaya yayılıb. Bunu isə həzm edə bilməyənlər var. İlk növbədə həm Birinci Qarabağ müharibəsi dövründə, həm də Vətən müharibəsi dövründə müharibəni milli müstəviyə keçirmək istədilər, alınmadı. Milli ədavət salmaq istədilər, o da alınmadı. Çünki zəmin yoxdur. Əgər bölməyə bir şeyimiz yoxdursa, biz necə onu bölmək üçün bir-birimizlə ədavətə girə bilərik? Ona görə də, Azərbaycanda bugünkü sülhü, əmin-amanlığı, qardaşlıq münasibətlərini həzm edə bilməyənlər çoxdur. Bizim zəfərimizi gözü götürməyənlər kifayət qədərdir”.

Müsahibimiz ABŞ-ın Azərbaycanı təsir altına almaq istədiyini deyib:

“Vətən müharibəsi zamanı cəbhə bölgəsində olarkən gördüm ki, Azərbaycanın 10, 100, 200 minlik ordusu yox, 10 milyonluq ordusu var. Bunu da çoxlarının, eləcə də Amerikanın gözü götürmür. Ona görə də, Azərbaycanı öz maraq dairələri altına almaq istəyirlər. Azərbaycan da buna imkan yaratmadığı üçün iftiralar atırlar.
Müdriklərimizin gözəl bir kəlamı var. Deyirlər,

“Haqqa şər atdılar, şərə düşdü, Şərə şər atdılar, yerə düşdü”.

Biz 200 ildən çoxdur ki, haqq olduğumuzu sübuta yetirə, şərdən qurtula bilmirik. Sülh müqaviləsi bağlansa da, qurtula bilməyəcəyik. Çünki ermənilər kömür kimi bir şeydir. Düşdüyü yeri qaraldır”.

Milix Yevdayev azərbaycanlı-yəhudi münasibətləri haqda danışıb:

“Biz yəhudilər uzun illərdir Azərbaycandayıq. Bölməyə heç nəyimiz yoxdur. Nemətimiz, hüququmuz, hörmətimiz, sözümüz-söhbətimiz, ana yurda xidmətimiz bərabərdir. Bərabərlik olan yerdə heç vaxt ədavət olmur. İsrail bizim tarixi vətənimizdir, Ana Vətənimiz isə Azərbaycandır! Bunu da həzm edə bilmədikləri üçün iftiralar atırlar”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Zaira Akifqızı
Globalinfo.az