Azərbaycanda tezliklə mühüm qərar veriləcək: “Bunu 4-5 nəfər bilir”

13:27

Xeyli müddətdir parlament seçkilərinin keçiriləcəyi haqda məlumat dolaşır.

Növbədənkənar seçkilərin yaxın 2-3 ay ərzində olacağı deyilir. Bildirilir ki, bu ilin may-iyun aylarında Milli Məclisə seçkilər təyin edilə bilər.

Bəzi məlumatlara görə, bu həftə, ya da ayın sonuna kimi növbəti parlament seçkilərinin keçilməsi haqda qərar verilə bilər.

Ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 5-də Milli Məclisi buraxdı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin etdi.

Konstitusiyaya görə, növbəti parlament seçkiləri bu il noyabr ayının ilk həftəsi olmalıdır. Həmin dövrdə Azərbaycanda mühüm beynəlxalq tədbir – COP29 keçiriləcək. Ona görə də seçkilərin bir neçə ay əvvələ qabağa çəkiləcəyi məntiqli görünür.

Bəzi məlumatlara görə, bu həftə, ya da ayın sonuna kimi növbəti parlament seçkilərinin keçilməsi haqda qərar verilə bilər. Konstitusiyaya uyğun olaraq hazırda fəaliyyətdə olan Milli Məclis bu halda özünü buraxır.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Vəli Əlibəyov qeyd edib ki, parlament seçkiləri bu il mütləq şəkildə keçiriləcək:

“Seçkilərin keçirilməməsi qanuna zidd olardı. Tarix məsələsinə gəldikdə, bununla bağlı hətta hakimiyyət daxilində dəqiq məlumatı olanların sayının 4-5 nəfərdən artıq olduğunu zənn etmirəm. Hətta ola bilsin ki, hələ konkret tarix müəyyənləşməyib. Mümkün keçirilmə tarixləri may və ya avqust ayları ola bilər. Mən daha çox seçkilərin avqust ayında keçiriləcəyi ehtimalı üzərində dururam. Amma may ayında da keçirilmə ehtimalı da az deyil”.

Saytımıza danışan anonim mənbə bildirib ki, seçkilər yayda yox, yazsonu keçiriləcək:    

“İyul, avqust ayları məzuniyyət dövrüdür. Əhalinin xeyli hissəsi istirahətdə olur. Üstəlik hava həddən artıq isti keçir. Ona görə də bu cür mühüm siyasi kampaniyanın yay aylarına, məzuniyyət dövrünə salınacağı inandırıcı görünmür. Mayın sonları, iyunun ilk həftəsi keçiriləcəyi daha məntiqli və ağlabatandır”.

Safura Bənnayeva
Globalinfo.az