Xəbər verdiyimiz kimi, ölkə başçısının sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib. Qeyd edək ki, o, bu posta 5 yanvar 2021-ci ildə təyin edilmişdi.
Maraqlıdır, Azərbaycanda qısa müddətdə nazir postunda olmuş başqa kimlər var?
Globalinfo.az Yenisabah.az -a istinadən son 30 ildə qısa müddətdə nazir kreslosunu təhvil verən şəxslərin siyahısını təqdim edir:
Baş nazirlər:
Novruz Məmmədov (18 ay) – 21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.
Fuad Quliyev (14 ay) – 2 may 1995 – 20 iyul 1996-cı illər.
Pənah Hüseyn ( 2 ay) – 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyib.
Rəhim Hüseynov (8 ay) – 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.
Surət Hüseynov (16 ay) – 1993-cü il iyununda dövrün Milli Məclis sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin olunub və 1994-cü ilin oktyabrında vəzifəsinin icrasına son verilib.
Daxili işlər nazirləri:
Məhəmməd Əsədov (19 ay) – 17 aprel 1990-cı ildən 13 noyabr 1991-ci ilə kimi nazir vəzifəsində olub.
Tofiq Kərimov (3 ay) – 21 noyabr 1991-ci ildən 20 fevral 1992-ci ilə qədər vəzifdə olub.
Tahir Əliyev (3 ay) – 24 fevral 1992 – 25 may 1992-ci il.
İsgəndər Həmidov (11 ay) – 26 may 1992 – 16 aprel 1993-cü illər.
Rövşən Cavadov (16 gün) – 17 iyun – 3 iyul 1993-cü il.
Abdulla Allahverdiyev (2 ay) – 21 aprel – 25 iyun 1993-cü il.
Vaqif Novruzov (9 ay) – 7 iyul 1993 – 29 aprel 1994-cü illər.
Müdafiə nazirləri
Valeh Bərşadlı (3 ay) – Azərbaycan Respublikasının ilk müdafiə naziridir və 1992-ci ildə tutduğu vəzifədən istefa verib.
Dadaş Rzayev (4 ay) – 20 fevral 1993–17 iyun 1993-cü il.
Rəhim Qazıyev (11 ay) – 1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb.
Şahin Musayev (1 ay) – 1992-ci ilin yanvar və fevral aylarında nazir postunda olub.
Tacəddin Mehdiyev (2 ay) – 11 dekabr 1991 — 17 fevral 1992-ci illər.
Tahir Əliyev (21 gün) – 24 fevral 1992 – 17 mart 1992-ci il.
Vahid Musayev (12 gün) – 13 avqust 1993-cü ildən həmin ilin 25 avqustunadək müdafiə nazirini əvəzləyib.
Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da vəzifəsində cəmi 20 ay, yəni təqribən iki il müddətində qala bilib. Belə ki, o, 12 noyabr 2015-ci il tarixli sərəncamla tutduğu vəzifəsindən azad edilib.
Firudin Cəlilov isə 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin olunub, 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib.
Azərbaycan Respublikasının ilk əmək və əhalinin sosial müdafiəsi naziri Akif Kərimov olub. O, 1992-ci il 10 dekabr tarixli Fərmanla Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib. A.Kərimov 11 ay nazir postunda qala bilib. Belə ki, Akif Kərimov 10 noyabr 1993-cü ildə həmin vəzifədən azad edilib.
Maliyyə nazirlərindən isə Saleh Məmmədov qısa müddətdə, yəni 14 ay bu vəzifədə qala bilib. O, 1992-ci ilin oktyabrında Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib və 1993-cü ilin dekabrında vəzifəsindən azad edilib./Sfera.az/