baki ehali tarqovi esadir

Azərbaycana qarşı din amili üzərindən aparılan kampaniyalar diqqət çəkir. Eyni zamanda Bakıya təzyiq göstərmək, dövlətin qərarlarına təsir etmək və cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək cəhdləri bariz şəkildə görünür.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət hər zaman buna qarşı olub. Ölkəsini bu gerilikçi düşüncədən xilas etmək üçün atdığı addımlar qarşı tərəfi daha da hövsələdən çıxarır.
Azərbaycan prezidenti oxşar vəziyyətlə bir neçə dəfə üzləşib. Hamısından da uğurla çıxıb.

Din həqiqətən inanc məsələsi kimi müzakirə olunur, yoxsa siyasi təsir vasitəsinə çevrilir? Bu proseslərin arxasında hansı maraqlar dayanır və Azərbaycan cəmiyyətində dini həssaslıqlardan istifadə etməyə çalışan qüvvələr hansı məqsədləri güdür?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və dövlət idarəçiliyində dünyəvilik prinsipini qoruması zaman-zaman müəyyən xarici dairələrin narazılığı ilə qarşılanıb:

“Bu məsələdə diqqət çəkən əsas istiqamətlərdən biri İran faktorudur. Tehran uzun illər regionda dini və ideoloji təsir imkanlarını xarici siyasətinin mühüm vasitələrindən biri kimi istifadə edib. Azərbaycan isə əhalisinin əksəriyyəti müsəlman olan, lakin dünyəvi dövlət quruluşuna malik ölkədir. Məhz bu fərq iki dövlət arasında ideoloji ziddiyyətlərin əsas mənbələrindən biridir.

Din amilinin siyasi təzyiq vasitəsinə çevrilməsi isə təkcə dövlətlərarası münasibətlərə deyil, cəmiyyətin daxili sabitliyinə də təsir göstərə biləcək həssas məsələdir.

İranın Azərbaycana münasibətində dini ritorikanın zaman-zaman ön plana çıxması təsadüfi siyasi hadisə kimi qiymətləndirilə bilməz. Xüsusilə Azərbaycanın İsraillə əməkdaşlığı, müstəqil təhlükəsizlik siyasəti və regional proseslərdə öz maraqlarını əsas götürməsi Tehranla münasibətlərdə fikir ayrılıqlarını dərinləşdirib. İranın müəyyən siyasi və dini dairələrindən səslənən açıqlamalar da bu ziddiyyətləri daha aydın göstərir. Burada əsas təhlükə dini inancların özündə deyil, onların siyasi məqsədlər üçün istifadə olunması ehtimalındadır. Xarici təsir imkanlarının dini həssaslıqlar üzərindən genişləndirilməsi cəhdləri təsdiqləndiyi halda, bu, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dövlət siyasətində dünyəvilik, milli təhlükəsizlik və siyasi müstəqillik prinsipləri xüsusi yer tutur. Azərbaycan dövləti dini etiqad azadlığının qorunması ilə dini fəaliyyətin siyasi məqsədlər üçün istismar edilməsinin qarşısının alınmasını bir-birindən fərqləndirməlidir. Çünki vətəndaşların dini inancları ilə xarici dövlətlərin mümkün siyasi təsir mexanizmləri eyni anlayış deyil. Bu baxımdan İranla münasibətlərdə yaranan gərginlikləri yalnız dini müstəvidə izah etmək düzgün olmazdı. Məsələnin arxasında regional rəqabət, təhlükəsizlik maraqları və Azərbaycanın müstəqil qərarvermə imkanları ilə bağlı daha geniş siyasi ziddiyyətlər dayanır”.

Züriyə Qarayevanın sözlərinə görə, deyib ki, hazırkı şəraitdə Azərbaycanda din adı altında qarışıqlıq yaradılması barədə iddialar ciddi diqqət tələb edir:

“Lakin belə proseslərin bir neçə xarici güc mərkəzi tərəfindən əlaqələndirildiyini söyləmək üçün konkret və yoxlanılmış sübutlar olmalıdır. İran faktorunun araşdırılması bu baxımdan əhəmiyyətlidir, çünki iki ölkə arasındakı münasibətlərdə ideoloji təsir və təhlükəsizlik məsələləri əvvəllər də gündəmə gəlib. Azərbaycanın qarşısında duran əsas vəzifə mümkün xarici müdaxilə risklərini vaxtında müəyyənləşdirmək, eyni zamanda dini etiqad azadlığını və ictimai həmrəyliyi qorumaqdır. Dövlətin suverenliyi məhz bu prinsiplərin hüquqi və siyasi müstəvidə ardıcıl təmin olunması ilə möhkəmlənir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: