Azərbaycanda ictimai rəy sorğuları ölkədə siyasi liderliyə və dövlət idarəçiliyinə münasibətin necə dəyişdiyini ortaya qoyur. Belə ki, son sorğuların nəticələrinə görə, Prezident İlham Əliyevə etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə onu alternativsiz siyasi lider hesab edir.
Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, siyasi etimad vətəndaşların siyasi aktorlarla nə qədər yaxından əlaqəli olduğunu nümayiş etdirən əsas göstəricidir:
“Etibarın özü də demokratik idarəetmənin effektivliyinə təsir edəcək şəkildə vətəndaşların davranışını əhəmiyyətli dərəcədə formalaşdırır. Prezident İlham Əliyevin şəxsi və peşəkar profilinə, yürütdüyü siyasətin lokal deyil, qlobal əhəmiyyət daşıdığına nəzər yetirmək belə kifayətdir ki, dövlət başçımıza siyasi etimadın nə dərəcədə yüksək olduğunu anlayasan. Çünki mübahisəsiz, mübaliğədən kənar, bütün ölçülmə üsullarına əsaslanaraq Əliyevin yürütdüyü siyasəti xalq olduqca yüksək dəyərləndirir. Dövlət başçımızın mürəkkəb kombinasiyaları uğurla sadəliyə qovuşdurması, çıxılmaz vəziyyətlərdə potensial güzəştlər təqdim etməsi onun siyasi fəaliyyətinin və uğurunun ən mühüm göstəriciləridir”.
Şəbnəm Həsənova
Politoloq bildirib ki, Prezident İlham Əliyev çox aydın siyasət yürüdür:
“Bu da Azərbaycan xalqını aydınlığa çıxarmaq, yolundan dönməmək, daha qətiyyətlə addımlamaq üzərində qurulub. İndiki durumda yürüdülən siyasətin kökündə dayanan amil inkişafımızın davamlı olmasıdır. Bu gün respondentlərin 93,16 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirirsə, bu həm də xalqımızın seçiminin doğru olduğundan xəbər verir. Yəni xalqımız müdrik qərarlar verməyi çətin durumlarda, həlledici məqamlarda, hətta stabillik şəraitində də bacarır. Bu, düşünülmüş, təmkinli, strateji yanaşmadır.
Azərbaycanda mövcud olan daxili sabitlik, ümumi maraqlar ətrafında yumruq kimi birləşməyimiz ən sadə formada dövlət başçısının alternativsiz siyasətinin nəticəsidir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur. O amili də nəzərə alsaq ki, ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb. Bu, o deməkdir ki, Azərbaycan xalqı həm də gələcəyi indidən dəyərləndirib. Bu sorğu ilə növbəti mərhələ müəyyənləşdirildi”.
Ləman İmran
Globalinfo.az