“Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün mühüm təşəbbüslər irəli sürüb”

“Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Ümumiyyətlə, son illər dünyanın başı üzərini koronavirus pandemiyası aldığı, beynəlxalq aləmdə iğtişaşların, münaqişələrin alovlandığı, miqrant axınının gücləndiyi bir vaxtda ölkəmizdə nəzərdə tutulan layihələr uğurla reallaşıb, beynəlxalq əməkdaşlıq daha da genişlənmiş və dünya miqyaslı tədbirlərin keçirilməsi davam etdirilib. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü belə mötəbər tədbirlərin davamıdır. Prezident İlham Əliyev həmin tədbirlə çıxışında dünyaya çox ciddi mesajlar verdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Komitə sədri bildirib ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycanın 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürməsi, qurumun üzv ölkələrinin xahişi ilə sədrliyin daha bir il uzadılması həm dövlətimizə, həm də Prezident İlham Əliyevə olan inam və etimadın bariz nümunəsidir: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə prinsipal mövqe nümayiş etdirərək “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Xatırladım ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir”.

Hüquq müdafiəçisi diqqəti Prezident İlham Əliyevin tədbirdəki çıxışına yönəldərək deyib ki, dövlətimizin başçısının nitqi böyük maraq doğurub. Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılmasının Azərbaycanın sədrliyinin növbəti nailiyyəti olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

Komitə sədri bildirib ki, dövlətimizin başçısının çıxışında çox ciddi mesajlar səsləndirməsi Prezident İlham Əliyevin qətiyyətinin, cəsarətinin və polad iradəsinin bariz nümunəsidir. Dövlətimizin başçısı Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu diqqətə çatdırdı. Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Komitə sədri dövlətimizin başçısının Ermənistanın 30 illik işğalçılıq siyasətindən, bu müddətdə törətdiyi vəhşiliklərdən, qətliamlardan, terrorlardan, soyqırımlarından söz açmasına da münasibət bildirib. Həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyindən hələ də xəbər olmadığını diqqət çatdıraraq deyib: “2020- ci il noyabrın 10- da Azərbaycan Ordusu öz gücü ilə bu işğala son qoydu. Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Hazırda işğaldan azad edlmiş ərazilərdə yenidənqurma, tikinti-bərpa işləri geniş miqyas alsa da, Ermənistan hər vasitə ilə buna mane olmağa çalışır, atəşkəsi mütəmadi olaraq pozur, sülh müqaviləsini imzalamaqdan yayınır. Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur”.

Qoşulmama Hərəkatına üzv olan ölkələrin işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini xatırladan Ç.Qənizadə bildirib ki, onlar BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar.