Azərbaycan hava və quru əməliyyatına imkan verməyəcək – Gərginlik

İran və İsrail arasında münasibətlərin kəskinləşməsi qonşu ölkələrin narahatlığına səbəb olub. Ehtimal müharibə və mövcud gərginliyin Azərbaycana təsirləri də sual doğuran məqamdır.

Bakının balanslaşdırılmış siyasəti sona kimi effektiv olacaqmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, İran-İsrail gərginliyinin necə nəticələnəcəyi sual altındadır:

“Bu hadisədən öncə İran və İsrail həm region, həm də digər ölkələrə hava məkanlarının bağlanması ilə bağlı çağırış etmişdi. Buna baxmayaraq, bəzi ərəb ölkələri hava məkanını daim açıq saxladı. ABŞ və Böyük Biritaniyanın hava hücumundan müdafiə qüvvələri İranın raketlərini sıradan çıxardı”.

Arzu Nağıyev qeyd edib ki, Azərbaycanın hava, quru məkanlarından qonşulara qarşı heç vaxt istifadə olunmayacaq:

Arzu Nağıyev

“İsrail və İran arasındakı gərgin münasibətlərə baxmayaraq Azərbaycan hər iki dövlətin ərazi bütövlüyünü dəstəkləyir. İrana qarşı hər hansı addım atılarsa, orada yaşayan azərbaycanlılar sərhədi keçərək ölkəmizə qayıda bilər.

İran generalı Qasım Süleymaninin həlak olmasından sonra Tehran “qisas alma” əməliyyatı həyata keçirərək işin bitdiyini hesab etmişdi. Lakin aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluq binasına endirdiyi zərbə və iki general daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsi vəziyyəti yenidən gərginləşdirdi. Hazırda iki ölkə arasında gərginlik qalmaqdadır. Lakin bir daha vurğulayaq ki, rəsmi Bakı heç bir halda, heç bir formada münaqişədə yer almayacaq”.

Safura Bənnayeva
Globalinfo.az