Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Düzdür, uşaqların cinsi nisbətinin pozulması əvvəlki dövrlərdə bir o qədər hiss olunmur, bu məsələ vaxtaşırı qabardılmırdı.
Globalinfo.az bildirir ki, lakin hazırda bu məsələ cəmiyyəti düşündürür, mütəmadi olaraq məsələyə diqqət çəkilir. Mütəxəssislər bildirir ki, yeni doğulmuşlar arasında cins nisbətinin pozulması təbii amillərlə bağlı deyil, proses bir çox hallarda müdaxilə nəticəsində baş verir.
BMT-nin Əhali Fondunun məlumatına görə, Azərbaycan yeni doğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk yerdədir. Belə ki, 2021-ci ilin sonuna olan rəsmi statistikaya əsasən, ölkədə doğulan hər 100 qız uşağına 116 oğlan uşağı düşüb. 2022-ci ilin statistikası bu rəqəmin 4 vahid azalaraq 112-yə endiyini göstərir. Yəni, ən sonuncu rəsmi statistika Azərbaycanda doğulan hər 100 qız uşağına 112 oğlan uşağının dünyaya gəldiyini deyir. Göstəricinin 4 vahid azalmasına baxmayaraq, Azərbaycan hələ də yenidoğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk sırada yer alır.
BMT-nin Əhali Fondundan APA-ya verilən məlumata görə, ümumiyyətlə, bu və ya digər ölkədə yenidoğulmuşların cins nisbətinə dair məlumatlar bir qayda olaraq həmin ölkələrin rəsmi statistikasına əsaslanır:
“Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən hazırlanır. Bu statistika hazırlanarkən əsas götürülən meyar məhz hər yeni doğulmuş 100 qız uşağına neçə yeni doğulmuş oğlan uşağının düşməsidir”.
Bildirilib ki, burada hansısa ölkə ilə müqayisə aparılarkən həmin ölkənin əhalisi arasında sayda nə qədər fərqin olub-olmaması önəm daşımır – əsas olan məhz bu və ya digər ölkədə hər yeni doğulmuş 100 qız uşağına neçə yeni doğulmuş oğlan uşağının düşməsidir:
“Bioloji normaya görə, kənar müdaxilələr – yəni hamiləliyin süni şəkildə sonlandırılması – olmasa, hər yeni doğulan 100 qız uşağına 105-106 oğlan uşağı dünyaya gəlir”.
Bu rəqəmlər regiondakı qonşu ölkələrdə də təxminən oxşardır. Ermənistanda 2018-ci ildə doğulan hər 100 qız uşağına 111, 2019-cu ildə 110, 2020-ci ildə 110, 2021-ci ildə 108.8, 2022-ci ildə 111.9 oğlan uşağı düşüb.
Qonşu ölkə Gürcüstanda 2018-ci ildə doğulan hər 100 qız uşağına 107.9, 2019-cu ildə 107.6, 2020-ci ildə 108.3, 2021-ci ildə 108.5, 2022-ci ildə 107.2 oğlan uşağı düşüb.
Azərbaycanda 2018-ci ildə doğulan hər 100 qız uşağına 115, 2019-cu ildə 114, 2020-ci ildə 114, 2021-ci ildə 116 oğlan uşağı düşüb. 2022-ci ildə isə 112 oğlan uşağı düşüb.
Azərbaycanda yeni doğulmuşlar arasında cins nisbətinin pozulmasının səbəbləri nələrdir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimova APA-ya bildirib ki, Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatına görə, Azərbaycanda iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə uşaqların cins nisbətinin daha çox pozulduğu iqtisadi rayon Gəncə-Daşkəsəndir.
Problemin səbəblərinə gəlincə, Dövlət Komitəsinin rəsmisinin sözlərinə görə, oğlan uşaqlarına üstünlük verilməsi Azərbaycanda mövcud olan gender stereotipləri, gender bərabərsizliyi, oğlan uşaqlarına daha yüksək dəyər aşılayan patriarxal ailə strukturu, ənənəvi təcrübələr və sosial normaların təzahürüdür:
“Bildiyimiz kimi, Azərbaycan Respublikasının qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Lakin təəssüf ki, ölkəmizdə ən geniş yayılmış cinsi mənsubiyyətə görə ayrı-seçkilik hallarından biri məhz selektiv abortlardır. Belə ki, bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sualına cavab olaraq bildirilib ki, əsas səbəb bir çox Azərbaycan vətəndaşının oğlan cinsli övlada üstünlük verməsidir.
Üzeyir Şəfiyev isə APA-ya deyib ki, bunun əsas səbəbi Azərbaycan cəmiyyətinin ənənəliyə söykənən olmasıdır:
“Belə cəmiyyətlərdə daha çox patriarxal düşüncələr, ənənələr üstünlük təşkil edir. Bu cür cəmiyyətdəki ailələr mürəkkəb olurlar. Belə ki, həmin ailələrdə baba və nənənin xüsusi iştirakı özünü daha çox büruzə verir və bu halda uşaq dünyaya onların “sifarişi” ilə gəlir. Bizim cəmiyyətdə də nənə-babalar, xüsusilə də nənələr oğlan nəvə istədiklərini ifadə edirdilər. Eyni zamanda, yeni evlənmiş cütlüklər də ailə planlamalarında daha çox oğlan uşağına üstünlük verirlər.
Bir çox ailələr oğlan övladını düşmən çəpəri, evin yanan çırağı kimi görüb, miras qoymaq üçün də oğlan uşağı arzulayıblar. Açıq deyim ki, cəmiyyətimizdə qız uşağı uzun müddət problemli övlad kimi xarakterizə edilib. Çünki köhnə kişilər ən çox qız uşağından zərbə gözləyirdilər. Bununla yanaşı, mülkiyyət münasibətlərində də oğlana üstünlük verilib. Qurani-Kərim kontekstindən yanaşsaq, görürük ki, miras məsələsində iki pay oğlana, bir pay qıza düşür. Bu da guya ailə başçısı vəfat edəndən sonra oğlanın bacı-qardaşı qarşısındakı öhdəliyinə görə idi ki, ana-atadan sonra onlara baxa bilsin. Buna görə oğlan uşağına üstünlük verilirdi ki, mirasa sahib çıxan olsun.
Uzun müddət bu cür ənənələr və streotiplər olduğuna görə, bizdə uşaqlar doğularkən oğlanların sayı qızların sayından çox olub. Bu indiki dövrdə özünü daha çox rayonlarda göstərir. Şəhərlər üçün artıq bu cür stereotiplərin qaldığını deməzdim”, – o qeyd edib.
Sosioloqun fikrincə, cins nisbətinin pozulması uşaqlar doğularkən özünü göstərir:
“Belə ki, 24-25 yaşdan sonra Azərbaycan əhalisi arasında cins nisbəti qızların xeyrinə dəyişir. Bunun da müxtəlif səbəbləri var. Əvvəla, qız uşaqları doğularkən onların həyatda qalma immuniteti oğlanlarla müqayisədə daha güclü olur. İkinci məqam isə yol qəzaları, müharibə, oğlan uşaqlarının həyat tərzi ilə bağlıdır. Buna görə də nisbət 25 yaşdan sonra qızların xeyrinə dəyişir. Ahıl yaşda isə birmənalı olaraq qadınların sayı kişilərin sayından çoxdur. Ömür uzunluğunda da kişilərlə qadınlar arasında fərq var. Belə ki, kişilərdə bu, 71-dirsə, qadınlarda 75-76 yaşdır”.
Mövzu ilə bağlı APA-ya danışan hüquqşünas Şamil Paşayevin fikrincə, selektiv abortlar daha çox yerli dəyərlər, adətlər, mental xüsusiyyətlər və qadının cəmiyyətdə rolunun zəif olduğu ölkələrdə müşahidə edilir.
Yeni doğulmuşlar arasında cins nisbətinin pozulması nələrə səbəb ola bilər?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Sədaqət Rəhimovanın fikrincə, yeni doğulmuşlar arasında cins nisbətinin pozulması gələcəkdə nəsil artımına mənfi təsir göstərəcək:
“Demoqrafik böhran, erkən və məcburi nikahlar, insan hüquqlarının pozulması, insan alveri, gender bərabərsizliyi, zorakılıq hallarının artması cins nisbətinin pozulmasının səbəb ola biləcəyi fəsadlardandır”.
Selektiv abortla bağlı qanunvericilik nə deyir?
Hüquqşünas Şamil Paşayev bildirib ki, Cinayət Məcəlləsində selektiv abortla bağlı hansısa maddə yoxdur:
“Cinayət Məcəlləsinin 141-ci maddəsində qanunsuz abort etmə ilə bağlı müddəa var. Bu müddəa selektiv abort etməni özündə ehtiva etmir. Burada qeyd edilir ki, abort etmə həkim tərəfindən xəstəxanadan kənarda olduqda, ali təhsili olmayan şəxs tərəfindən edildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda, onun ölümünə səbəb olunduğu zaman cinayət məsuliyyəti yaradır”.
O qeyd edib ki, ən çox səsləndirilən fikirlərdən biri selektiv aborta görə cinayət məsuliyyətinin müəyyən edilməsi və uşağın cinsiyyətinin valideynə deyilməməsidir:
“Çin, Kosovo, Nepal və Vyetnamda selektiv abortu açıq şəkildə qadağan edən qanunlar var. Çində cinsiyyətə görə abort qanunsuzdur, lakin doğuşdan əvvəl cinsi müəyyən etmək Çində geniş yayılmış bir təcrübədir. Belə olsa da, Çin uzun illər selektiv abortda dünyada ilk yeri tutub.
Hindistanda cinsiyyət seçimi cinayətdir, burada selektiv cinsi abort qadağan edilir, qanunsuzdur və cəza müddəaları var. Böyük Britaniyada da cinsi müəyyən etmək qadağandır. Çünki bu, oğlan uşağının qız uşağına olan mədəni üstünlüyünə tamamilə ziddir və gender əsaslı abortları qeyri-qanuni elan edən qanun var”.
Xatırladaq ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda hamiləliyin süni surətdə pozulması maddəsinə görə, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Belə ki, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Hamiləliyin süni surətdə pozulması dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən aparılır. Hamiləliyin süni surətdə pozulmasına dair tibbi və sosial göstərişlərin siyahıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həkim tərəfindən xəstəxanalardan və ya başqa tibb müəssisələrindən kənarda hamiləliyin süni surətdə pozulması qadağandır.
Abort barədə İslam dini nə deyir?
Mövzu ilə bağlı APA-nın suallarını cavablandıran ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində abort haram, böyük günah, həmçinin, insanın qətl olunması hesab olunur:
“İslam hüququnda bu əməlin diyət deyilən qanbahası da var və həmin həkimə qarşı iddia qaldırıla, uşağın varisinə təzminat da ödətdirilə bilər. Abort yalnız tibbi zərurət yarandığı zaman məqbul hesab edilir.
Təəssüf ki, bizdə bu, geniş yayılıb və istər cins seçiminə, istərsə də başqa səbəbə görə uşaqlar abort edilə bilirlər. Bu, həqiqətən, böyük fəlakətdir. Qurani-Kərimdə bununla bağlı ayələrdə bildirilir ki, axirət günündə uşağın niyə öldürülməsi soruşulacaq. Məhəmməd peyğəmbər peyğəmbərliyə başladığı ilk dövrlərdə ərəblər qız uşaqlarını torpağa dəfn edirdilər. Təbii ki, o dövrdə uşağın cinsini əvvəlcədən müəyyən etmək mümkün olsa idi, yəqin ki, abort edərdilər. Lakin bu yox idi deyə qız uşaqları doğulandan sonra öldürülürdülər və Məhəmməd peyğəmbər bunu qəti şəkildə qadağan eləmişdi”.
İlahiyyatçı qeyd edib ki, İslam dinində uşaq ana bətnində 4 aylığına qədər ruh verilməmiş hesab olunur. Bundan sonra isə o, canlı insan hökmündədir və onu öldürmək cinayət məsuliyyəti yaradır:
“Hər bir halda döl yaranıbsa, o, insan hökmündə sayılır və onun öldürülməsi günahdır. Zərurət olmadığı halda hansısa formada uşağı abort etdirənin də, edənin də boynuna məsuliyyət düşür”.
Bəs yeni doğulmuşlar arasında cins nisbətinin pozulmasının qarşısı necə alına bilər? Bunun üçün Azərbaycanda hansı addımlar atılır və nə edilməlidir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, selektiv abortların fəsadları ilə bağlı respublikanın regionlarında mütəmadi olaraq tibb işçiləri üçün mühazirələr oxunur:
“Eyni zamanda, mütəxəssislər 12 həftəlik müddətdən yuxarı icra edilmiş abortların əsaslı olub-olmamasının monitorinqini aparırlar.
TƏBİB-ə tabeli müəssisələrdə ilkin səhiyyə xidməti səviyyəsində ailə planlanması haqqında maarifləndirici görüşlər aparılır, konsultasiyalar həyata keçirilir. İcma səviyyəsində gender bərabərliyi haqqında geniş məlumatlar yayımlanır”.
Qeyd olunub ki, maarifləndirmə işləri, hamiləliyin erkən dövründə USM müayinələrin aparılması üzrə göstərişlərə və əsaslandırılmaya nəzarətin gücləndirməsi, əsassız müayinələrə görə cəza tədbirlərinin tətbiqi 2022-ci illə müqayisədə göstəricilərin aşağı düşməsinə səbəb olub.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, gələcək nəsillərin sağlamlığını təmin etmək məqsədilə, uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların vaxtında müayinə və müalicələri istiqamətində davamlı tədbirlər görülür:
“Belə ki, Milli Məclisdə “Reproduktiv sağlamlıq haqqında” qanunun müzakirələri növbəti sessiyalarda nəzərdə tutulub. Reproduktiv sağlamlığın təşviqi və qorunması üçün Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında genişmiqyaslı əməkdaşlıq qurulub. Hər il QHT-lər və digər qurumlarla birgə məktəbli uşaqlar, onların valideynləri üçün açıq (hər il 40.000 məktəbli əhatə edilir) və bütün ölkə üzrə 8-ci sinif şagirdləri üçün reproduktiv sağlamlıq üzrə fakültativ 8 saatlıq dərslər keçirilir. Səhiyyə Nazirliyi tərəfindən reproduktiv sağlamlıq üzrə mobil tətbiq, Uşaq sağlamlığı üzrə internet portal hazırlanıb və ilin sonunadək təkmilləşdirilərək istifadəyə veriləcək”.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”, Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Hər iki sənəddə, həmçinin abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bununla bağlı hazırkı fəaliyyəti barədə APA-nın sualını cavablandıran Sədaqət Rəhimova deyib ki, bütün bu halların qarşısının alınması məqsədilə dövlət tərəfindən silsilə tədbirlər həyata keçirilir:
“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır. Tədbirlər Planında əks olunan bəndlərlə bağlı aidiyyəti icraçı qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də mövzu ilə bağlı regionlarda silsilə maarifləndirici tədbirlər həyata keçirilir, bukletlər çap olunur, sosial çarxlar çəkilir. BMT-nin Əhali Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” Qlobal Proqramı çərçivəsində bu sahədə işlər davam edir”.
Komitə rəsmisi, həmçinin sözügedən məsələ ilə bağlı gələcəkdə atılmalı addımlarla bağlı AQUPDK-nin tövsiyələrini diqqətə çatdırıb:
““Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi, doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, arzuolunmaz hamiləliyin qarşısının alınması və abortların azalması məqsədilə kontraseptivlərdən istifadənin təbliği, cinsi maarifləndirmənin aparılması, selektiv abortun qadağan edilməsi və USM zamanı dölün cinsiyyətinin gizli saxlanılması tövsiyə olunur”.
Problemin həlli barədə APA-nın sualını cavablandıran hüquqşünas Şamil Paşayevin fikrincə, selektiv abortla bağlı Cinayət Məcəlləsinə müddəa əlavə edilməsi məsələnin həll yolu ola bilməz:
“Çünki uşağın cinsini öyrənmək istəyən insanlar ya bunun üçün böyük miqdarda rüşvət verəcək, ya da daha çox imkanı olan şəxslər xarici ölkəyə üz tutacaqlar”.
Hüquqşünas deyib ki, ilk olaraq “insanlar niyə qız uşağını dünyaya gətirmək istəmirlər?”, – bu suala cavab tapmaq və məktəbdən başlayaraq cəmiyyətdə maarifləndirmə tədbirləri aparılmalıdır:
“Bunun gələcəkdə hansı fəsadlara səbəb ola biləcəyini cəmiyyətə göstərə bilsək, selektiv abortların sayında azalma müşahidə edə bilərik”.
İlahiyyatçı Tural İrfan APA-nın sualını cavablandırarkən deyib ki, indiki halda gərək din xadimləri abortun böyük günah olması və insanların bu əməldən çəkinməsi üçün maarifləndirmə işləri aparsınlar:
“Bununla yanaşı, hesab edirəm ki, uşaqların cins seçiminə görə abort edilməsi ilə bağlı qanun qəbul edilməlidir”.
Sosioloq Üzeyir Şəfiyev APA-ya açıqlamasında deyib ki, şəxsi proqnozlarına görə, yaxın gələcəkdə Azərbaycanın selektiv abortlara görə dünya ölkələri arasında liderliyini görmür:
“Çünki qlobal miqyasda olduğu kimi, Azərbaycanda da ailə planlamasında dəyişikliklər baş verir. Əgər Azərbaycanda əvvəllər çoxuşaqlı ailələr üstünlük təşkil edirdisə, indi statistik rəqəmlər də onu göstərir ki, cütlüklər 1-2 uşaq planlaşdırırlar. Əgər ilk uşağın qız olacağı bəlli olursa, onun abort edilmə ehtimalı yoxdur. Çünki ilk uşağı abort etmək risklidir. Ona görə də ilk uşaq oğlan da olsa, qız da olsa saxlanılır. Nəzərə alsaq ki, Azərbaycan ailəsində artıq 1-2 uşaq planlaşdırılır, o zaman bu, selektiv abortlara da lüzum qalmadığı deməkdir”.
Sosioloq bildirib ki, BMT-nin Əhali Fondunun proqnozlarına görə, Azərbaycanda 2050-ci ildə oğlan və qız uşaqları arasında 12-15 min arasında fərq olacağı deyilib. Lakin ailə planlaşdırılmasındakı bu dəyişiklikləri nəzərə alaraq demək mümkündür ki, bu, proqnoz özünü doğrultmayacaq:
“Çünki cəmiyyətimizdə qız uşağına qarşı stereotiplər get-gedə əriyir. Eyni zamanda, hesab edirəm ki, evlənən cütlüklər arasında müxtəlif üsullarla maarifləndirmə işləri aparmaq lazımdır. Uşağın qız və ya oğlan olmasının yox, övladın özünün önəmli olduğunu aşılamaq gərəkdir. Yəni önəmli olan övladdır, insandır. Eyni zamanda, bölgələrdə nənələr, babalarla da bu istiqamətində iş aparılmalıdır ki, əsas olan övladın sağlamlığıdır, nəinki qız və ya oğlan olması. Elə qızlar var ki, min oğlandan daha fərasətlidir. Azərbaycan tarixində də belə xanımlar az olmayıblar. Ona görə hesab edirəm ki, bu ayrı-seçkilik arxaikləşəcək. Bəzən qız uşaqlarının sayının çox olmasına dair SOS siqnalı çalırlar. Qeyd etdiyim məqamları nəzərə alaraq deyə bilərəm ki, gələcəkdə Azərbaycanda qız və oğlanların sayında ciddi bir fərq yaranmayacaq. Sadəcə qeyd etdiyim kimi maarifləndirmə tədbirlərinə ehtiyac var.
Biz natamam ailədən olan uşaqların sayına görə narahat olmalıyıq. Çalışmalıyıq ki, nikahdan kənar doğulan uşaqların sayı azalsın”.