Azərbaycan-Çin danışıqlarında diqqətçəkən məqam: Pekinlə nə razılaşdırıldı?

“Qlobal iqlim dəyişikliyinin geosiyasi mübarizəyə təsirləri müzakirə predmetinə çevrilib. Hikmət Hacıyev çinli rəsmilərlə görüşlərdə Bakıda keçiriləcək COP29-la əlaqədar qarşıda duran məsələlərin müzakirəsi aparılıb”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, H.Hacıyev səfəri çərçivəsində Çinin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə, xarici işlər nazirinin müavini Sun Veydonqla görüşlər keçirilib:

“Çinin enerji təhlükəsizliyinə yanaşması, o cümlədən dünyada yaşıl enerjiyə keçiddə qlobal güclərin mübarizəsinə davamlı diqqəti Azərbaycanı da maraqlandırır.

Çünki Azərbaycanla Çinin əlaqələri yeni dünya nizamına uyğun formada qurulur. Burada Azərbaycan Çinin yüksələn və beynəlxalq təmsilçilik dairələrində artan təsirlərinə məxsusi diqqət ayırır.

Çin isə Azərbaycanı Trans-Xəzər nəqliyyat dəhlizinin (Orta Dəhliz) tranzit və logistika qolu kimi yüksək qiymətləndirərək Cənubi Qafqazdakı strateji sərmayələrini yüksəldir.

Başqa bir yandan, Rusiyanın Ukraynada apardığı hərbi kampaniya qlobal enerji təchizatını sıxsa da, Çin bundan ekspansiya məqsədləri üçün yararlanaraq geosiyasi çərçivə qurur”.

Ekspert hesab edir ki, “Pekinsayağı yanaşma” Çinin müasir enerji siyasətini iqlim dəyişikliyindən irəli gələn öhdəlikləri idarə etməsini asanlaşdırır:

“Yəni Çin iqlim dəyişikliyi ilə böyük güc rəqabəti arasında özünəməxsus tənzimləyici statusu qazanmaq istəyir.

Azərbaycan qlobal iqlim dəyişikliyi fonunda özünün alternativ enerji mənbələrini, yaşıl enerji potensialını genişləndirib ixrac əməliyyatlarına başlamaq istəyir.

Azərbaycan bir məqamı da yaddan çıxarmır: iqlim maliyyəsi ilə bağlı deklaoativ öhdəliklərə baxmayaraq, nə Çin, nə də onun rəqibi ABŞ konkret liderlik nümayiş etdiriblər. Hər iki rəqabət tərəfi Azərbaycanda keçiriləcək COP29 fonunda lider iqlim donorları olmaqda həvəsli görünə bilər”.

Turan Rzayev
Globalinfo.az