Su qıtlığı ilə bağlı problem getdikcə daha ciddi hal alır. Kürün Neftçala və Salyan ərazisindən keçən hissəsinin quruması, bir neçə gün öncə Saatlıda bir qrup vətəndaşın problemlə bağlı etiraz bildirməsi məsələnin təhlükəli vəziyyət aldığını göstərir.
Su ilə bağlı mövcud vəziyyət qlobal problemə çevrilib. Yaxın gələcəkdə bu problemin hətta ölkələr arası silahlı qarşıdurmalara səbəb olacağı da ehtimal edilir.
Bəs indi Azərbaycanın su ehtiyatlarında vəziyyət necədir? Bizi nə gözləyir?
Mövzunu Globalinfo.az-a şərh edən Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov Kür çayının artıq Xəzərə tökülmədiyini, vəziyyətin kritik olduğunu bildirib:
“Hazırda ölkəmizdə ən ciddi, dövlət səviyyəsində də narahatlığın ifadə olunduğu məsələ su problemidir. Bu problemin yaranma səbəbləri çoxdur, suya tələbat getdikcə artır, şəhərləşmə genişlənir, suvarma üçün yeni sahələr istifadəyə verilir. Digər tərəfdən, iqlim dəyişikliyi ilə əlaqədar olaraq havanın temperaturunun artması, yağıntı rejimində müşahidə olunan dəyişikliklər də regionda su qıtlığının yaranmasının səbəblərindədir.
Mirnuh İsmayılov
Kür çayının hazırkı vəziyyəti Azərbaycan təbiətində mövcud prosesi çox dəqiq şəkildə özündə əks etdirir. Bu gün çayın özündə və şaxələnən qollarında vəziyyət acınacaqlıdır. Araz çayını da nəzərdə saxlamaq lazımdır, Kürün qidalanmasına həlledici rola malikdir. Sovet dövründə çayın dənizə tökülməsində müəyyən çətinliklər vardı, yəni indiki vəziyyətlə bağlı əlamətlər o zaman da müşahidə edilirdi. Hələ 1990-1995-ci illərdə apardığımız müşahidələrdə Kürdə suyun azalmasına şahid olurduq, o zamandan təhlükə vardı. Bunun əsas səbəbi isə suvarma idi. Məsələni dəfələrlə hesabatlarımızda, məqalələrimizdə qeyd edib, ehtiyatlı davranmağımızın vacibliyini bildirmişik. Amma iqlim dəyişikliyi nəzərə alınmadan sudan kortəbii istifadə bu vəziyyətin yaranması ilə nəticələndi. Artıq Kür çayının aşağı hissəsi demək olar ki, quruyub. Kür daha Xəzərə tökülmür”.
Şöbə müdiri Kür çayında ekoloji səhvlərə yol verildiyini, arada tikilən bənd vasitəsilə dənizlə əlaqəsinin kəsildiyini qeyd edib:
“Qısa zaman öncə şöbəmizin əməkdaşları ilə Neftçala, Salyan, Hacıqabul bölgələrində Kür çayına baxış keçirdik, monitorinqlər apardıq. Qarşılaşdığımız mənzərə bizdə təəssüf hissi yaratdı, hazırda Kürdə aparılan əməliyyatlarda bəzi ekoloji səhvlər var. Kürün dənizə töküldüyü hissədə bir bənd tikilib, çayın Xəzər dənizi ilə əlaqəsi tamamən kəsilib. Kürün vahid ekosistemi var ki, bu uzun illər ərzində Xəzərlə çayın yatağı arasındakı əlaqələr əsasında formalaşıb, canlılar iki su hövzəsi arasında miqrasiya edib. Bu əlaqənin birdən-birə kəsilməsinin çox ciddi fəsadları olacaq. Nəticədə Kür çayı ölü suya çevrilə bilər. Arada inşa edilən bəndə görə Xəzərdə suyun səviyyəsi yuxarıdır, Kürdə isə tam əskinə, quraqlıq yaşanır. Çayın aşağı hissəsində şirin su qalmayıb, tamam dəniz suyudur. Belə vəziyyətdə çaydan nə suvarmada, nə də içməli su tələbatı üçün istifadə etmək mümkün deyil. Hətta heyvanların bundan istifadə etməsi belə qadağandır”.
M.İsmayılov deyir ki, Neftçala və Salyanda xüsusi fövqəladə hal müşahidə edilir, əhali susuzluqdan əziyyət çəkir:
“Xüsusilə Neftçala rayonu ərazisində çox ciddi problemlər yaranıb. Rayona səfər zamanı icra başçısı və onun müavini ilə bu məsələdə müzakirələrimiz oldu. Müavin rayon sakinlərinin çəkdiyi əziyyətdən, su problemlərinin ciddiliyindən ürək yanğısı ilə danışdı. Düşünün ki, rayonun kənd yerlərində bir su maşınının qiyməti 85 manatdan çoxdur, bu dəhşətdir. Məsələdən bütün müvafiq təşkilatların da, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin də xəbəri var. Burada dövlət nəzarətində əhaliyə müəyyən güzəştlərin həyata keçirilməsinə ehtiyac var. Neftçala və Salyan rayonlarındakı vəziyyət xüsusi fövqəladə haldır. Sadəcə əhalinin içməli su tələbatı müəyyən qədər qarşılana bilir, qalan heç nəyə su çatdırmaq mümkün deyil. Heyvanlar susuzdur, pambıq və taxıl kimi əkin sahələri quruyur. Ölkədə su problemi sadəcə bu ərazilərlə məhdudlaşmır. Araz çayının əhatəsində İmişli, Saatlı, Sabirabad, Goranboy, Kürdəmir kimi bir çox rayonlarımızda insanlar çarəsiz qalıblar”.
Müsahibimiz problemin həlli üçün tapşırılqarın heç birinin yerinə yetirilmədiyini vurğulayıb və çıxış yolu üçün görülməli olan işlərə diqqət çəkib:
“Hər çətinlikdən çıxış yolu vardır. Yeni suvarma sahələri qəti şəkildə istifadəyə verilməməlidir. Bizim mövcud suvarma sistemlərimiz sadəcə köhnə sahələrin suvarılmasına imkan verir. Yeni sahələrin istifadəyə verilməsi problemləri dərinləşdirir. Bu sadəcə kənd təsərrüfatında güclü aqrar islahatların həyata keçirildiyi zaman mümkün ola bilər, əkin sistemi kökdən dəyişməlidir, quraqlığa davamlı bitkilərə meyllilik yaradılmalıdır. Heyvanları yemi üçün sadəcə yerli ekosistemə davamlı bitkilərin əkilməsinə üstünlük verilməlidir. Pambıq və taxıl əkinində ehtiyac hesablanmalı, vahid ölçü qərarlaşdırılmalıdır. Fermer xeyli pul sərf edib sahəni əkir, amma suvara bilmir. Bu istiqamətdə xeyli işin həyata keçirilməsilə bağlı Prezidentin fərmanı var. Kanallara beton örtük çəkilməli idi, etmədilər. Yuxarı Şirvan kanalı bəzi hissələrdə torpaqdan axır, kanala verilən suyun 40%-ə qədəri boşuna tökülür. Qarşısının alınması üçün nə qədər təkliflər verildi, amma heç nə edilmədi.
2025-ci ilə kimi bütün suvarma sistemləri yenilənməlidir. Bilirəm, bu dövlət büdcəsindən xeyli vəsait ayrılmasını tələb edir. Amma bunu həyata keçirməsək, qonşu ölkələrlə rəqabət apara bilmərik. Əhalinin ərzaq tələbatı ödənilməli, yaşam səviyyəsi qorunmalıdır. “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi layihələrin həyata keçirildiyi ölkədə əhalinin içdiyi suyun keyfiyyətinin həddən artıq aşağı olması çox təəssüf hissi doğurur. Dövlət orqanları bu istiqamətdə həll yolları tapmağa çalışır, xeyli sayda iş də görülüb. Amma bu işlər fövqəladə vəziyyət səviyyəsinə qaldırılmalıdır”.
Şöbə müdiri Azərbaycanın tək ümid yerinin Xəzərin suyu olduğunu qeyd edib:
“Əhali arasında sudan qənaətlə istifadə ilə bağlı aparılan təbliğat işləri genişləndirilməli və müəyyən dəstək göstərilməlidir. Torpağını suvaran fermerə müvafiq dotasiya ilə sistemi yeniləməsi üçün yardım edilməlidir. Kənddə təsərrüfatından istifadə edə bilməyən fermer Bakıya köç edir, paytaxtın artıq bu qədər insana gücü çatmır. Məsələn, Xəzər dənizinin suyunu şirinləşdirməklə də əhalinin suya olan tələbatını ödəmək mümkündür. Çox yaxın gələcəkdə Azərbaycanın tək ümid yeri məhz Xəzərin suyu olacaq. Hazırda bu istiqamətdə müəyyən tədbirlər keçirilir.
Bununla yanaşı dövriyyəli su sisteminin tətbiqi üçün də zaman çatıb. Lokal yaşayış ərazilərində istifadə edilən suyun təmizlənib yenidən dövriyyəyə buraxılması lazımdır. Bildiyim qədər Ağalıda bu sistem həyata keçirilir, amma bunun geniş şəkildə tətbiqi lazımdır. Neftçala, Salyan, Biləsuvar ərazilərində su problemini aradan qaldırmaq üçün keçmiş Əzizbəyov və Baş-Muğan kanallarını Kür çayının sağ sahil düzənliklərinə kimi, Yuxarı Şirvan kanalını Neftçalaya qədər uzatmaq olar. Hazırda Araz çayı üzərində Xudafərin və Qız Qalası kimi nəhəng su anbarlarına xeyli ehtiyat toplanıb. Bu kanallardan iri kanallar çəkmək, onları digər qeyd etdiyim kanallarla birləşdirmək, su ötürücülüyünü artırmaqla vəziyyətdən çıxmaq olar. Bütün çətinliklərdən çıxış yolu var, bu yolu isə özümüz tapmalıyıq”.
Ayşən Mustafa
Globalinfo.az