Avropanı cənginə alan xəstəliyin Azərbaycana gəlmə təhlükəsi varmı? – Professor açıqladı

Avropa Parlamentinin İtaliyadan olan üzvü Paolo İnselvini deyib ki, Avropa İttifaqı ölkələrində fentanil narkotik maddəsinin geniş yayılması yeni “vəba” təhlükəsi yaradır.

Sitat: “Bu narkotik maddənin ucuz qiymətə satılmasını və bizim qitədə daha əlçatan olmasını nəzərə alaraq, “zombi narkotiki” adlanan fentanil Avropada yeni “qara vəbaya” çevrilə bilər”.

Sirr deyil ki, Azərbaycanda da kifayət qədər narkotik istifadəçiləri var. Bəs eyni xəstəliyin bizim də ölkədə yayılma riski varmı?

Mövzunu Globalinfo.az-a şərh edən professor, tibbi ekspert Adil Qeybulla deyib ki, “vəba” olduqca təhlükəli infeksiya hesab olunur.

Onun sözlərinə görə, bu, 4 karantin infeksiyasından biridir:

“”Vəba” pandemiyaya meyilli və xüsusi təhlükəli infeksiyadır. Onun ocaqları əsasən su ilə yayılır. Çox vaxt da xəstələr davamlı diareyadan, qusmadan, ishaldan dünyasını dəyişirlər. Narkomaniya məsələsinə gəldikdə isə, fentanil adlı narkotik vasitə morfindən 100 dəfə güclü olsa da, təsiri çox qısa müddətlidir. Ümumiyyətlə, belə başa düşürəm ki, narkomanların gigiyena qaydalarına riayət etməmələri, müxtəlif yerlərdən, hətta kanalizasiyadan su içmələri və s. də infeksiyaya səbəb ola bilər”.

Adil Qeybulla 

A.Qeybulla deyib ki, Avropa və insan haqlarının guya yüksək olduğu ölkələrdə əslində, narkomanlar üçün xüsusi yerlər mövcuddur:

“Onlar orada toplaşır, narkotik maddədən istifadə edirlər, həmin yerdə yatırlar-dururlar və s. Bu, təəssüf ki, Amerikada da var, Avropa ölkələrində də. Narkomanların toplandığı yerdə anti-gigiyena hökm sürür. Bunlar oralara zibil atırlar, kanalizasiya sularından istifadə edirlər və bunun ziyanlı olub-olmaması onlar üçün artıq fərq etmir. Ona görə də virusun yayılma təhlükəsi olur. Nəinki infeksiyaların, elə hər bir xəstəliyin yayılma təhlükəsi var. Orada narkomanlar bir-birilərinin iynələrindən istifadə edirlər, hepatit virusunun yayılması da mümkün olur. O baxımdan düşünürəm ki, narkomanlar üçün xüsusi bir proqram olmalı və həmin şəxslər ora cəlb olunmalıdırlar. Beləliklə də, yavaş-yavaş sosial reablitasiyadan keçməlidirlər. Bizdə hazırda belə ciddi problem yoxdur. Hər halda hesab edirəm, Avropa ölkələri bunun qarşısını almaqla bağlı konkret qərar verəcək”.

Zaira Akifqızı

Globalinfo.az