“Əgər qan təzyiqinizi daha dəqiq ölçmək istəyirsinizsə, əvvəl qolunuzu yuxarı qaldırın, sonra düzgün endirdiyinizə əmin olun. Əks halda cihaz yanlış göstərə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə təzyiqlə bağlı tədqiqatın müəllifləri bildiriblər.
Mütəxəssislər insanların qolları müxtəlif mövqelərdə olarkən təzyiq göstəricilərini ölçüblər. Məlum olub ki, əllərini dizlərinin üstünə qoyan zaman qan təzyiqinin səviyyəsi yüksəlir.
Eyni hadisə qollarının yanlarda sərbəst asıldığı zaman da baş verib.
Burada sual yaranır: Qan təzyiqinin ən dəqiq göstəricisini əldə etmək üçün əllər hara qoyulmalıdır?
Cavab: Evdə və ya həkim otağında təzyiqinizi ölçən zaman əlinizi ürək səviyyəsində saxlayın. Yəni qol masanın üstündə və ya hündür yerdə olmalıdır. Bu vəziyyətdə ürək stresə məruz qalmır və təzyiq göstəriciləri dəqiq olur.
Bundan başqa, təzyiq ölçən zaman oturmaq tərzi də problem yarada bilər. Buna görə də qan təzyiqini oturaq vəziyyətdə ölçən zaman mütləq kürəyinizi dik saxlamalı, ayaqlarınızı çarpaz tutmamalı və sakit qalmalısınız. Təzyiq ölçülən zaman danışmaq nəticəni yüksək göstərə bilir. Yanlış ölçülü manjet də qan təzyiqi göstəricilərini təhrif edir.
Səhv ölçülmüş təzyiq insanlarda olmayan bir xəstəliyin “diaqnozu”nun qoyulmasına səbəb ola bilər.
Məsələn, əgər faktiki göstəriciləriniz yüksək göstərilərsə, bu, sizə hipertoniya xəstəliyi kimi görünə bilər. Nəticədə isə yanlışlıqla bu xəstəliklə bağlı müalicə almış olarsınız.
Zaira Akifqızı
Globalinfo.az