avropa turkiye

Son günlər yerli və xarici mediada Türkiyənin Avropa üçün böyük rola malik olduğuna dair fikirlər dərc olunur. Hətta rəsmi Ankaranı Avropanın nicatı kimi də dəyərləndirənlər var. ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması ilə Türkiyənin Avropa üçün əhəmiyyətinin daha da artması müşahidə olunur.

Bu proses fonunda Türkiyə rəsmilərinin verdiyi açıqlamalar xüsusi diqqət çəkir. Ötən gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyənin hərbi-sənaye kompleksinin Avropa İttifaqının müdafiə sənayesinin və Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyə hazır olduğunu vurğulamışdı.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da ölkənin Avropa İttifaqına (Aİ) üzv seçilməsinin vaxtının çatdığını bildirmişdi.

Türkiyə həqiqətən Avropanın nicatına çevrilib? Bu, şişirtmədir, yoxsa reallıqdır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Türkiyə-Aİ münasibətlərinin dinamik formada inkişaf etməsi üçün böyük imkanlar var:

“Türkiyə Aİ üçün mühüm rola malik bir ölkədir. Hər hansı şişirdilmə yoxdur, bu, reallıqdır. Aİ üçün Türkiyə bir neçə səbəbə görə vacib tərəfdaşdır. Dövlətin geosiyasi mövqeyini buna misal göstərmək olar. Belə ki, Türkiyə Avropanı Asiya və Yaxın Şərqlə bağlayan yollar üzərində yerləşir. Bundan əlavə Qara dəniz və Aralıq dənizini əlaqələndirən boğaz və digər ərazilər, eyni zamanda həmin ərazi üzərində bir çox ticari yolların Türkiyədən keçməsi və s. kimi amillər də misal göstərilə bilər. Aİ Türkiyə üçün böyük ticari tərəfdaşdır.

Gömrük İttifaqının prinsipləri, 1995-ci ildən Türkiyənin də prosesdə iştirak etməsi müsbət töhfə verdi. Ticari dövriyyəni yüngülləşdirdi. Çoxsaylı Avropa şirkətləri Türkiyə iqtisadiyyatına çox böyük yatırımlar edirlər. Avtomobil sənayesi, tekstil, texnologiyalar, hərb sahəsi və s. buna nümunədir. Miqrasiya məsələsi də Aİ üçün çox mühümdür. Çünki 2016-cı ildə Aİ ilə Türkiyə arasında saziş imzalanmışdı. Bu saziş əsasən Avropaya Yunanıstan üzərindən gedəcək qeyri-qanuni miqrantların qarşısının alınmasına hesablanmışdı. Nəticə etibarilə rəsmi Ankara Suriyadan və Əfqanıstandan olan milyonlarla insanı qəbul etdi. 5 milyona qədər insanın Türkiyədə qalması Avropanı qaçqın axınından qorumuş oldu.

Azer Allahverənov

Azər Allahverənov

Enerji təhlükəsizliyi məsələsinə də xüsusi diqqət ayırmaq lazımdır. Çünki Rusiya, Mərkəzi Asiya, Yaxın Şərqdən Avropa istiqamətinə gedən qazın, neftin transfer olunmasında da Türkiyə böyük rola malikdir. Türkiyə NATO-nun ən böyük orduya malik ilk üç ölkəsindən biridir. Aİ-nin bir çox üzv dövlətləri ilə müttəfiq qismində çıxış edir. Terrorizm, kiberhücumlar və digər məsələlərlə mübarizədə birgə fəaliyyət göstərirlər. Mədəni və tarixi bağlar kifayət qədər yüksəkdir. Almaniya, Fransa və Niderlandda milyonlarla türk yaşayır. Böyük diasporaya malikdir. Türkiyənin olduqca yaxşı nüfuzu var. Rəsmi Ankara müxtəlif platformalarda təmsil olunur ki, bu da Aİ-nin xüsusilə diqqətindədir.

Türkiyə bu gün Aİ üçün təhlükəsizlik çətiri rolundadır. Əvvəllər bu rolu ABŞ icra edirdi. Aİ bir çox parametrlərinə görə, Türkiyənin onlar üçün xilas yolu olduğunu düşünür.

Fransa da mövcud vəziyyətin fərqindədir. Yaranmış vəziyyətdən çıxış yolu axtarırlar. Bunu da Türkiyə ilə əməkdaşlığın, strateji əlaqələrin daha da dərinləşdməsində, Aİ ölkələrinin təhlükəsizliyinin təmin olunmasında, Türkiyənin fəal iştirakı üçün şəraitin yaradılmasında görürlər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: