WhatsApp Image 2026 02 10 at 15.56.40

“Millət sevgisi qədər böyük mükafat yoxdur” – Mustafa Kamal Atatürkün bu fikri hər bir insan üçün yol xəritəsi sayıla bilər. Atatürkü zəfərə aparan ən böyük güc millətdən aldığı xeyir-dua, dəstək idi. Atatürk Vətəni yox olmaqdan qurtardı. Osmanlının yerində xarabalıqlar yaratmaq istəyən düşmənlərə unuda bilməyəcəkləri məğlubiyyət yaşatdı. Millətini arxasına alıb, Qurtuluş Savaşı başlatdı. Və bu savaşı Türkiyə Cümhuriyyətini qurmaqla yekunlaşdırdı! Bu gün Atatürkün qurduğu Türkiyə dövləti dünya siyasətinin mərkəzində özünə layiqli yer tutub.

Bundan təxminən 100 il sonra İlham Əliyev Vətən müharibəsi başlatdı. İşğaldakı torpaqları azad etdi, separatizmin kökünü kəsdi, ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə nail oldu. Zəfər qazandı, milləti məğlubiyyət sindromundan qurtardı. Azərbaycan hazırda dünya siyasətinə yön verən qlobal güclərlə eyni masada, bərabərhüquqlu tərəf və tərəfdaş kimi sözünü deyir, mövqeyini ifadə edir. Dünya siyasətinin ekvator xətti indi Azərbaycandan, Güney Qafqazdan keçir. Zəngəzur dəhlizinin – Tramp marşrutunun geopolitik anlamı, təqdimatı bugünlərdə daha açıq görünür.

İlham Əliyevi komandan kimi qələbədən qələbə aparan əsas amil başlatdığı işə inam və millətin dəstəyi idi. Xalq bu müqəddəs savaşa ilk gündən  xeyir-dua verdi, dəstək oldu. “Yanındayıq, arxandayıq, yetər ki, dayanma, irəlilə” – dedi xalq. Cəmi 44 günə Zəfər qazandıq! Millətin sevgisi və xeyir-duası siyasətçini, lideri daha da gücləndirir və onu zəfərə daha çox yaxınlaşdırır.

Miqyasından asılı olmayaraq, istənilən siyasətçi bunu nəzərə almalıdır. Əsas dayağı, istinad nöqtəsi xalq, onun sevgisi olmalıdır. Millətin duası yalnız həyatda olanda lazım deyil, öldükdən sonra da gərəkdir. Xalqın duası, sevgisi və göz yaşları ilə uğurlanmaqdan gözəl aqibət yoxdur.

Kim sağlığında yaddaşlarda necə iz qoyursa, son mənzilə o izlə, yolla gedir…

Azər Ayxan
Globalinfo.az saytının təsisçisi

Paylaş: