Armen Qriqoryan Toivo Klaarla görüşdü – Bakı ilə dialoq müzakirə edildi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Armen Qriqoryan “Facebook” hesabında məlumat verib.

“Görüşdə biz Aİ-nin monitorinq missiyasının səlahiyyətləri çərçivəsində atılan addımları müzakirə etdik. Biz həmçinin İrəvan və Bakı arasında danışıqlar prosesinə də toxunduq”, – Ermənistan Təhlükəsizlik Şurasının katibi paylaşımında qeyd edib.

Qeyd edək ki, görüş Aİ-nin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.

Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini təsdiqləyib. Aİ müşahidəçiləri artıq regiona gələrək oktyabrın 20-dən fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.