“Araz”dan kiflənmiş məhsulla bağlı açıqlama – VİDEO

Bakıda “Araz” marketdən alınan ağartı məhsulunun vaxtı keçməsə belə kifli olması narahatlıq doğurub. Belə ki, “Moloçnaya kapelka” şirkətinə məxsus şorun istehsal tarixi 12 may 2023, bitmə tarixi isə 2 iyun 2023 göstərilsə də, üzərində kif olması istehlakçının narazılığına səbəb olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva məsələ ilə bağlı araşdırma başladıldığını bildirib:

“Məlum oldu ki, müştərimizin alış-veriş etdiyi mağaza “Araz” Supermarket MMC ilə françayzinq modeli ilə əməkdaşlıq edir. Belə ki, françayzinq modeli ilə əməkdaşlıq çərçivəsində sözügedən mağazaya tərəfimizdən məhsul təminatı dəstəyi verilir. Bu halda məhsulun saxlanılması və keyfiyyətinə mağaza cavabdeh olur. Şikayətə əsasən sahibkara müraciət olundu və araşdırma aparıldı. Araşdırma zamanı məhsulun daşınmasında soyuq zəncirin qırılmadığı, saxlanıldığı soyuducunun temperaturunun standartlara uyğun olduğu müəyyən olundu.

Bu kimi hallarda məhsulun keyfiyyətini itirməsinə səbəb istehsal xətası göstərilir. Beləki, qablaşdırılma zamanı gözlə görülməyən hava keçən boşluq qalarsa məhsulda kiflənmə halı baş verir. Məhsulun son istifadə tarixinin qüvvədə olması da bu faktı təsdiq edir. Mövzu ilə bağlı tədarükçü şirkət məlumatlandırıldı.

“Araz” supermarketlər şəbəkəsində qarşılaşdığınız istənilən məsələ ilə bağlı narahatlığınızı 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşa bilərsiniz”.

Həmin görüntüləri təqdim edirik:

 

Malik Liftiyev
Globalinfo.az