Ordumuz mühüm məntəqələri nəzarətə götürə bilər – Politoloq

 “Separatçıların törətdiyi son təxribatlarla Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribatlar vahid mərkəzdən idarə edilir. Rusiya bütün bu təxribatların təşkilatçısı və icraçısıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, təxribatların intensiv hal alması rəsmi Bakının qabaqlayıcı sərt addımlar atmasını zəruri edir:

“Nəzər almaq lazımdır ki, bu gün Ermənistan silahlı qüvvələri nəzdində Rusiyadan təlimat alan onlarla yüksəkrütbəli hərbçi var. Kremlin tapşırığı əsasında bu hərbçilər vaxtaşırı şərti dövlət sərhədində atəşkəsi pozaraq gərginliyi artırır. Separatçılara gəldikdə isə onlar sülhməramlıların, yəni Rusiyanın nəzarəti altındadır. Onların bütün ehtiyaclarını, həmçinin silah-sursat tədarükünü Kreml icra edir. Belə olan təqdirdə baş verən ən kiçik insident zamanı bunun Rusiya tərəfindən təşkil edildiyi versiyası aktuallaşır”.

Politoloq hesab edir ki, Azərbaycan indiki məqamda genişmiqyaslı antiterror əməliyyatlarına başlaya, hətta bu istiqamətdə mühüm məntəqələrə nəzarəti ələ keçirə bilər:

“Nə qədər ki Rusiyanın başı daxili məsələlərinə və Ukrayna ilə müharibəyə qarışıb, Bakı baş verənlərə ən sərt şəkildə cavab verməlidir. Gözdağı mahiyyətli cavablar təsirsizdir. Həm Rusiya, həm də Ermənistana daha ciddi cavab vermək lazımdır.

Antiterror əməliyyatı üçün münbit zəmin yaranıb. Geosiyasi vəziyyət də buna uyğundur. Hesab edirəm, əməliyyatlar başlasa, separatçılar bir daha özünə gələ bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az