Suriya hökuməti ilə druzlardan ibarət silahlı birləşmələr arasında yaşanan qarşıdurma və İsrailin bu ölkəyə hava hücumları Yaxın Şərqdə gərginliyi artırıb.
Hətta ötən gün İsrail ordusu birbaşa paytaxt Dəməşqi hədəfə aldı və burada Suriya Prezidenti Əhməd Əl Şaraanın evinə zərbə endirildiyinə dair məlumatlar yayıldı. Şaraa isə xalqa müraciət edərək Suriyanın qorxmadığını və müharibəyə hazır olduğunu bildirdi.
Dəməşq və Təl-Əviv arasındakı qarşıdurmada əsas diqqət çəkən məsələlərdən biri isə Türkiyənin mövqeyidir. Yeni Suriya hökuməti ilə sıx əlaqələr və İsraillə bir-birinə əks mövqelər səbəbindən Ankaranın baş verə biləcək mübarizəyə daxil olma ehtimalları müzakirə edilir.
Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, İsrailin Qəzza və Fələstin ərazilərində davamlı həyata keçirdiyi hərbi əməliyyatlar, ardınca İranla 12 günlük müharibə və Suriya məsələsi bir-biri ilə əlaqəli görünür:
“Bu hadisələr təsadüf deyil. İsrail ABŞ-ın dəstəyindən istifadə edərək bu addımları atır. Şübhəsiz, belə tədbirlər qarşılıqsız qalmayacaq. İranla İsrail arasındakı münaqişədə heç bir tərəfə haqq qazandırmaq niyyətində deyilik, çünki hər iki ölkənin öz strateji maraqları mövcuddur. Bununla yanaşı, İran ərazisində milyonlarla azərbaycanlının yaşadığını və onların hüquqlarının pozulduğunu unutmamalıyıq.
İsrailin Fələstin və Suriyadakı hərbi əməliyyatları bölgədə hökmranlıq niyyətini açıq şəkildə ortaya qoyur. Fələstində apardığı birtərəfli soyqırım müharibəsi və Suriyada müxtəlif obyektləri bombalaması özünü bu bölgədə yeganə güc olaraq göstərmək istəyini əks etdirir”.

Faiq Ələkbərli
Siyasi şərhçi qeyd edib ki, Türkiyə İsrailin bu addımlarına ciddi şəkildə reaksiya verəcək:
“Təl-Əvivin hərəkətləri artıq rəsmi Ankaranın səbrini sınayır. Belə görünür, bölgədəki gərginlik daha da artacaq. İsrail Suriyadakı hərəkətlərinə son qoymazsa, Türkiyə artıq birbaşa o ölkəyə zərbələr endirə bilər. Bu, Ankaranın qırmızı xəttidir və mövzu ciddi şəkildə strateji bir əhəmiyyət kəsb edir. Əgər ABŞ İsrailə bu məsələdə təsir göstərməsə, Türkiyə öz müstəqil addımlarını atacaq”.
F.Ələkbərli vurğulayıb ki, Azərbaycan hər zaman olduğu kimi bu məsələdə də Türkiyə ilə birgə hərəkət edəcək:
“Bakının Təl-Əvivlə münasibətləri yaxşı olsa da, əsas strateji müttəfiqi Ankaradır. Türkiyənin mövqeyi Azərbaycanın xarici siyasətində önəmli yer tutur və hər iki dövlətin maraqları bir çox məsələdə uyğunlaşır. Proseslər gərginləşdiyi halda, yəqin ki, iki ölkə Yaxın Şərqdəki proseslərə də ortaq yanaşma sərgiləyəcək”.
Ləman İmran
Globalinfo.az