AKP-ni HÜDA Par-la ittifaqa getməyə vadar edən şok səbəb – Şərh

Türkiyədə yeni seçilmiş deputatların andiçmə mərasimi ikinci turdan sonraya saxlanılıb. Müxalifət bunu AKP-nin siyahısından 4 millət vəkili çıxaran HÜDA Par-ın (Hür Dava Partiyası) and mətnini dəyişdirmək istəməsi ilə əlaqələndirir.

HÜDA Par Türkiyənin şəriət qanunları ilə idarə edilməsini, Atatürk dəyərlərindən imtina olunmasını, Türkiyənin federallaşdırılmasını, millət anlayışının qaldırılmasını, konstitusiyadan türk dilinin dövlət dili statusunun ləğvini istəyir.

Maraqlıdır, AKP-nin belə bir radikal islamçı partiya ilə ittifaqı hansı neqativ nəticələr doğura bilər? AKP-nin ən yaxın müttəfiqi MHP-nin bu məsələyə susqunluğunun səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, AKP-nin HÜDA Par-ı öz cəbhəsinə çəkməsi seçicilərin səslərinin alınması baxımından qiymətləndirilir:

“Söhbət kürdlər, xüsusilə qatı mühafizəkar olanların dəstəyinin əldə edilməsindən gedir. HÜDA Par-ın bu kəsim arasında təsir imkanları fonunda bu gediş səs qazanmaq kimi görünür, lakin burada daha uzaq perspektivə hesablanmış addım da ola bilər. Məsələ kürd kəsim arasında HDP-yə alternativin yaradılmasıdır.

Ərdoğan, ümumiyyətlə Türkiyə dövləti PKK-nın kürd vətəndaşları üzərindəki təsirini azaltmaq üçün çox iş görüb. Vaxtilə tənqidlər hesabına olsa belə, “demokratik açılım” adlanan prosesin də hədəfi bu idi. Silahı buraxmaq və mübahisələri parlamentdə müzakirə etmək istiqamətində addım atıldı, lakin kürdlər də daxil olmaqla hər kəsə göstərildi ki, istər dağda, istər siyasət meydanında PKK-çılar eynidir. Ardınca xəndək əməliyyatları ilə cənub-şərq bölgəsi ciddi şəkildə təmizləndi. Lakin hələ də 5 milyondan çox insan HDP-yə dəstək verir, bu seçicilərin hamısı PKK-çı olmasa da, onlar üzərində təsir hələ də qalır.

Seçkilərə Yaşıl Sol partiyasından qatılan HDP fəaliyyət göstərməsə də, həm PKK-nın, həm də xarici qüvvələrin Türkiyə üzərində əsas dayaq nöqtəsi rolunu oynamaqdadır. Türkiyə dövlətinin bundan sonrakı hədəfi kürd xalqını HDP təsirindən çıxarmaqdır. HÜDA Par bu rolu tam yerinə yetirə bilməz, lakin ən azı yaxın perspektivdə zəif alternativ kimi ortaya çıxa bilər. Fikrimcə, bu partiyanın önə çəkilməsinin əsas hədəfi budur”.

Asif Nərimanlı 

Ekspertin sözlərinə görə, o da diqqət çəkir ki, HÜDA Par “Cümhur İttifaqı”nın ortağı kimi seçkiyə getməyib, bir neçə namizədi AKP-nin siyahısından qatılıb:

“Digər tərəfdən, əvvəlki proqramlarından imtina etdiklərinə dair mövqe sərgiləyirlər, seçki öncəsi verdikləri açıqlamalar, keçirdikləri mitinqlər də bu yöndədir. MHP “qırmızı xətlərin” keçilməməsi şərti ilə HÜDA Par-a səssiz qaldığı görünür, həmçinin istisna deyil ki, bu partiya üzərindən qurulan planı dəstəklədikləri üçün belə mövqe sərgiləyirlər.

Ümumilikdə isə HÜDA Par-ın HDP-nin “Millət İttifaqı”na təsir gücü ilə müqayisədə “Cümhur İttifaqı”na təsiri yox səviyyəsindədir, hətta lazım gələrsə, “vaz keçilməsi” mümkün qüvvədir. HÜDA Par gedişi HDP-yə qarşı alternativ planında bir növ “pilot layihə” də hesab edilə bilər”.

Turan Rzayev
Globalinfo.az