Ailə qurmazdan əvvəl bunu etmək lazımdır – TƏKLİF

Son vaxtlar cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də boşanma hallarının artmasıdır. Təəssüf doğuran bir başqa məqam isə boşanmaların bəzən ciddi münaqişələrlə, hətta qətllə yekunlaşmasıdır.

Bəs görəsən, boşanma prosesinin qanun-qaydalara uyğun həyata keçirilməsi üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı bildirib ki, bu, ailə üzvlərinin normal düşüncədə olmasından asılıdır:

“Mübahisəli şəkildə boşanan şəxslər ya cinayət törədir, ya uşaqlarını bir -birindən gizlədirlər. Bir sözlə, ayrıldıqdan sonra düşmən olurlar. Normal boşanmaq üçün gərək ailədə normal vəziyyət olsun. Adətən, boşanma prosesində mübahisə maddi səbəblərlə və əmlakla bağlı olur. Bir də qohumlar, ata-ana tərəfindən yaradılan söz-söhbətlər iki gənc arasında münaqişələrə səbəb olur”.

Sosioloq hazırkı boşanmaların bir qisminin səbəbinin pis vərdişlərlə əlaqəli olduğunu bildirib:

“Ailədə kişinin narkomaniyaya, alkoqalizmə və ya qumar oyunlarına meyilli olması da çox ağır fəsadlara gətirib çıxarır. İlk mərhələdə mübahisə edirlər, daha sonra xanıma əl qaldırmalar, təhqirlər və hətta cinayətlər baş verir. Amma boşanmalarda yalnız kişilər günahkar deyil. Bəzən kişi yaxşı olur, amma qadın ona xəyanət etməyə başlayır. Bu xəyanət də çox vaxt ölüm həddinə gətirib çıxarır.

Böyük bəlalardan biri də maddiyyatla bağlıdır. İndi bir çox gənclərimiz ailəyə mənəvi yox, maddi qazanc kimi baxırlar. Bu isə milli-mənəvi dəyərlərimizin çökdürülməsinin nəticəsidir”.

E.Bayramlı qeyd edib ki, ailə quran zaman müxtəlif müayinələrin aparılmasını həyata keçirmək olar:

“Son dövrlər ailə qurmadan öncə fiziki müayinələr aparılır, hər hansı ciddi xəstəliklərin olub-olmaması yoxlanılır. Amma yaxşı olardı ki, psixoloji müayinələr də aparılsın. Evlilikdən əvvəl hər hansı bir psixi problemləri olan şəxs, təbii ki, evləndikdən sonra bu zorakılığı öz həyat yoldaşına tətbiq edəcək. Lakin zamanında müayinələr aparılsa, həmin şəxs vaxtında müalicə oluna bilər”.

Zaira Akifqızı
Globalinfo.az