Aİ XİN Şurası Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini təsdiqlədi

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini təsdiqləyib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, müvafiq qərar bu gün Aİ XİN Şurasının iclasında qəbul edilib.

Regiondakı vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın Aİ-nin monitorinq eksperti yerləşdiriləcək.

Bu qərar Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın 6-da keçirilmiş dördtərəfli görüşdən sonra verilib və məqsəd bölgədə sülhün və təhlükəsizliyin bərpasına, iki ölkə arasında etimadın yaradılmasına və beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir.

Aİ-nin monitorinq potensialının sürətlə tətbiqini təmin etmək məqsədilə, monitorinq ekspertlərinin müvəqqəti olaraq Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasından (EUMM Georgia) göndərilməsi qərara alınıb. EUMM onun Gürcüstandakı monitorinq imkanlarına təsir etməmək üçün əməliyyat tədbirləri görür.

Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.