Aİ-dən Azərbaycana sanksiya təhdidi – Qərbin Qafqaz planının əsl məqsədi üzə çıxır

Xəbər verdiyimiz kimi, Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell qurumun nazirlərinin Ermənistanda “Azərbaycanla sərhədin gərgin olan ərazilərində daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması” təklifini dəstəklədiklərini qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün Cozep Borrellə cavab verib. Onun Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamları tamamilə qeyri-adekvat və qəbuledilməz adlandırılıb.

Avropa İttifaqı tərəfindən dəfələrlə Azərbaycana qarşı bu qəbildən yanaşmaların şahidi olmuşuq. Şübhəsiz ki, İttifaqa daxil olan dövlətlər arasında qatı ermənipərəst dairələrin olması mövcud vəziyyətə təsir edir.

Bu hal nə vaxta kimi davam edəcək? Azərbaycanın Aİ tərəfindən təhdidlərə, qeyri-dost yanaşmalara məruz qalmasının arxasında dayanan əsas səbəb nədir? Rəsmi Bakı hansı formada yanaşma sərgiləməlidir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, burada Qərbin ikili standartları və qərəzli yanaşması bir daha özünü açıq şəkildə göstərir:

Ceyhun Məmmədov

“Qərb bölgəyə sülhün gəlməsinə mane olur. Azərbaycan dəfələrlə bildirib ki, Ermənistan torpaqlarına iddiası yoxdur. Rəsmi Bakı yalnız öz təhlükəsizliyini təmin edir. Qərbin bu addımları da əslində Rusiyanın sıxışdırılması, Ermənistana silahlı qüvvələrin yerləşdirilməsi məqsədini daşıyır. Bu yanaşmalarla Qərbin Ermənistanda mövcudluğunu təmin edəcəklərini düşünürlər. Burada çox ciddi oyunlar gedir, rəsmi İrəvan da onun bir parçasıdır. Qərbin həyata keçirdiyi siyasət bölgə üçün də bir sıra təhlükələri vəd edir”.

Siyasi şərhçi Əziz Əlibəyli isə qeyd edib ki, Qərbin burada bir sıra maraqları var:

Əziz Əlibəyli

“Avropa İttifaqı Qafqaz üzrə xarici siyasətini elə qurub ki, Qafqaz respublikalarını zaman-zaman ənənəvi, siyasi ritorikadan ayırsın və Avropaya inteqrasiya adı altında Rusiya ilə mübarizəsində platforma halına gətirsin. Bunu geniş formada Gürcüstanda, qismən də Ermənistanda gördük. Azərbaycana yönəlik həmlələri isə uğursuz oldu. Rəsmi Bakının müstəqil siyasi xarici kursunu onların göstərişi ilə hərəkət etməyə məcbur edə bilmədilər. Bu proses Qarabağ müharibəsi və sonrakı danışıqlar dönəmində də yaşandı”.

Ə.Əlibəylinin fikrincə, proses bir qədər də genişlənməkdə davam edir:

“İndi dünyanın elə dönəmidir ki, bloklaşma, müharibələrdə yaşanan mövqe dəqiqləşmələrinin Qafqaza sirayət etməsi istisna edilmir. Bu cəhdlər nəticəsiz qaldığı üçün Ermənistan üzərindən prosesi qurdular. Nəticə etibarilə Aİ Azərbaycana sanksiya tətbiqini dəstəkləyir”.

Safura Bənnayeva
Globalinfo.az