Gizli Qarabağ görüşü: ABŞ və Rusiyanın razılaşmamasının səbəbi

“17 sentyabr tarixində İstanbulda Qarabağla bağlı keçirilən görüş Ukraynada müharibənin başlamasından sonra Moskva və Qərb arasında ilk təmas sayıla bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov Aİ, ABŞ və Rusiya arasında Qarabağla bağlı keçirilən gizli İstanbul görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşdə yük maşınlarının necə hərəkət etdirilməsi və ərzaq-yanacaq tədarükünün təmin edilməsi müzakirə olunub:

“Bəzi məlumatlara görə, Rusiya sülhməramlılarına beynəlxalq mandatının verilməsi, Qərb sülhməramlılarının da Qarabağa buraxılması təklif edilib.

Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmaması üçün öz sülhməramlılarının bölgəyə BMT mandatı altında daxil olmasını və ruslarla birlikdə ermənilərlə azərbaycanlılar arasında durmaq təklifini irəli sürüb.

Görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni region üzrə nümayəndəsi Toivo Klaar, Rusiyanı isə Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndə İqor Xovayev təmsil edib.

Zaur Məmmədov

Ekspert deyib ki, İstanbulda keçirilən bu görüş təəccüblə qarşılanmamalıdır:

“Çünki böyük şahmat taxtasında böyük güclər özlərinə lazım olan vaxtda ortaq məxrəcə gəlməyi bacarırlar. Xoşbəxtlikdən Azərbaycanın bu görüşə qədər apardığı ciddi araşdırmalar və danışıqlar nəticəsini verdi. İstanbulda Aİ və ABŞ Rusiya ilə ortaq məxrəcə gələ bilmədilər.

Çünki Azərbaycan və Türkiyə Rusiya ilə təmaslarda Fransa haqda ciddi dəlillərlə bu ölkənin planlarını ifşa etdilər. Nəticədə sentyabrın 17-si Vaşinqton, Brüssel, Moskva arasındakı görüş nəticəsiz başa çatdı”.

Turan Rzayev
Globalinfo.az