Ağdamda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

“Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub”.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev bu gün Ağdamda minaya düşən sakin barəsində deyib.

Həkim bildirib ki, xəstə hazırda əməliyyatdadır: “Bu gün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilib. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. İlkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, bu gün 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.