Aeroportda yaxalanan 200 minlik malla bağlı xəbər: “Gömrük bunu yanlış edib”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əl yüklərinin paylaşması sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Yoxlama zamanı gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən brend geyim əşyaları, “Cartier” markalı qol saatı, zərgərlik məmulatları və digər mallar aşkar olunduğu bildirilib.

Komitənin bu addımını bir çox sosial şəbəkə istifadəçisilə yanaşı, ictimai nüfuzlu şəxslər də tənqid edib. Ümumilikdə gömrük orqanlarında rəhbər dəyişikliyindən sonra bu cür yeni qərarlar sərt təpkilərə səbəb olur.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli komitənin bu addımının doğru olmadığını bildirib:

“Vətəndaşların yoxlanılması ilə bağlı konkret qayda və təlimatlar gömrük orqanlarında mövcuddur. Yoxlanışın hansı şəkildə aparılması ilə bağlı məlumat bu təlimatlarda tam olaraq öz əksini tapır. Amma Dövlət Gömrük Komitəsinin sosial şəbəkə səhifəsində vətəndaşa məxsus əl çamadanın fotosunu paylaşması sual doğurur. Bu, gömrük orqanlarının gündəlik işidir, onun burada PR üçün çalışması məqsədəuyğun deyil. İnsanların aldığı əşyaların fotosunu yaymaq əvəzinə ümumi rəsmi məlumat yayması daha yaxşı olardı. Bunu qəti şəkildə doğru hesab etmirəm. Əgər müvafiq şəxs gömrük qaydalarından yayınıbsa, məsuliyyətə cəlb edilə, faktı ictimailəşdirmək lazım olduğu halda isə əşyaların fotosunu yaymadan da bu edilə bilərdi. Sözügedən halın aşkar edilməsi, hansı tədbirin görüldüyünün qeyd olunduğunu informasiya şəklində yaymaq olardı. Amma bunu şou-biznes nümayəndəsi kimi bu formada etmək məqsədəuyğun deyil. Yəqin ki, şəxsin tək məqsədi gömrük vergisindən yayınmaq olub. Çantada narkotik, silah, yaxud psixotrop maddə yoxdur ki, bu foto ilə yayılsın”.

Xalid Kərimli

Ekspert bənzər hallara digər zamanlarda da rast gəlindiyini bildirib:

“Amma ölkəmizdə bu kimi digər hallar tez-tez müşahidə edilir. Yəni bu digərlərinə nisbətən daha kiçik bir şeydir. Ölkəyə dərman gətirəni də, psixotrop maddə gətirəni də, digər nüansları çəkib paylaşırlar, videokameralar da yaddaşa alır. Halbuki, hər biri qanunsuzdur. Bu malların qanunsuz dövriyyəsi bir, vergi elan edilməməsi iki qanun pozuntusudur. Təəssüf ki, belə hallar çox olur”.

Qeyd edək ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə çalışsaq da, qurumla əlaqə saxlamaq mümkün olmadı.

Ayşən Mustafa
Globalinfo.az