Bildschirm foto 2023 02 01 um 07.17.09 860x521 1

Globalinfo.az Aze.Media saytına istinadla Laçın yolundakı ekoloji aksiyada ilk gündən iştirak edən ictimai fəal Adnan Hüseynlə müsahibə təqdim edir. Müsahibə Aze.Media-da ingilis dilində verilib. Linkə BURADAN daxil olun 

– Adnan, biz Laçın yolunda blokada yoxdur deyirik, qarşı tərəf (ermənilər və havadarları) blokadanın olmasında israr edirlər. Aksiyanın 52-ci günündəyik və hələ də blokadanın olub-olmadığı mübahisə mövzusudur. Bizim üçün, blokadanın olmadığını sübut eləmək nə üçün çətindir? Bu adi gerçəkliyi sübut etməyin mexanizmləri, üsul və yolları yoxdurmu?

– Dediyiniz kimi, bu gün (1 fevral 2023 – red.) dinc aksiyamızın artıq 52-ci gününə girmişik və bugünə kimi artıq 1200-dən çox maşın Laçın yolundan, hər iki istiqamətdə keçib gedib. Bu da onun göstəricisi və sübutudur ki, blokada haqda danışmaq yersizdir. Blokada şəraitində, 52 gün ərzində 1200-dən çox maşın «bağlanmış» yoldan keçmir. Bu maşınlar həm mülki əhalini daşıyan, həm də humanitar yardım aparan vasitələrdir. Burada bir gün ərzində mülki əhali, qida, dərman və tibbi ləvazimat daşıyan onlarla iri yük maşınının, Qırmızı Xaç Komitəsinin kiçik və böyük avtomobillərinin, Rusiyalı sülhməramlıların maşınlarının keçdiyini müşahidə etmək olar. Buna dair gündəlik foto və video çəkilişlər də aparılır, yəni gündəlik sübutlarımız var. Mən də bunları hər gün Twitter hesabımdan paylaşıram, danışıram, izah edirəm. Hətta, bugünə qədər dəfələrlə Ermənistan dövlət nişanlı təcili tibbi yardım maşınlarının keçdiyi də olub.

Bildschirm foto 2023 02 01 um 07.14.19 1024x517 1

Qaldı ki, qarşı tərəf və onların, sizin ifadənizlə desək «havadarları» bütün bunları niyə görmək istəmir, qəbul eləmirlər, cavab çox sadədir – çünki bu faktlar, onların acendalarına, dünyaya çatdırmaq istədikləri yalanlara uyğun deyil. Uyğun gəlmədiyinə görə də, heç vaxt qəbul etməyəcəklər. Onların bu gün seçdikləri yeganə taktika – sübutsuz-filansız insanların, dünya ictimaiyyətinin hissləri ilə oynamaq, santimentlər üzərindən şou qurmaqdır. Bilirsiniz, Qərb insanı belə məsələlərə emoisonal yanaşır. Qərb insanına kifayətdir ki, ağlaya-ağlaya soyuqda titrəyən, əlində bir tikə çörək tutmuş, gözüyaşlı uşaq fotosu göstərəsən, ya da ürək dağlayan bir hekayə danışasan ki, ərisinlər, sənə simpatiya bəsləsinlər, ağına-bozuna baxmadan sənin hekayənə inansınlar və ittiham olunan tərəfə emosional tərzdə hücum çəksinlər. Ermənilər də bunu yaxşı bilir, məharətlə istifadə edirlər. Bunu da etiraf etməliyik.

– Nə qədər istifadə edəcəklər? Yəni şounun bir limiti yoxdurmu? Sırf şou ilə, ürək dağlayan hekayə və qurama mizansenlərlə dünyanı nə qədər dolamaq olar? Ya da sualı belə qoyum – erməninin nə etməyə çalışdığını yaxşı bilən anti-Azərbaycan, anti-türk dairələrdən, havadarlardan getmir söhbət, onlar üçün sübut, əks-arqument onsuz da maraqlı deyil, çünki erməni ilə eyni məqsədləri güdürlər və bu şouda bilavasitə iştirak edirlər. Hətta bəlkə də erməniyə taktik gedişlərin bir hissəsini onlar öyrədirlər, hərçənd, erməniyə fırıldaq öyrətmək nonsensdir. Söhbət qərəzli olmayan, məsələlərdən agah olmayan, buna görə də aldanan emosional sadəlövhlərdən gedir. Onları dolamaq, aldatmaq nə vaxta qədər mümkün olacaq?

– Hesab edirəm ki, ermənilərin həmin kateqoriyadan olan adamları aldatmaq limitləri artıq tükənir. Bəli, bu günə qədər alınıb, onilliklər boyunca saysız-hesabsız cinayətlər törətdikləri halda, özlərini qurban kimi qələmə verə biliblər. Bəlkə bundan sonra da uğurla verə bilərdilər, amma hər şeyi texnoloji inkişaf pozdu. Texnoloji inkişaf ermənilərin düşmənidir bu gün. Hər şey dərhal qeydə alınır. Hər bir yalan çox tez ifşa olunur. Bayaq dediyim maşınlar, yüklər, qidalar, dərmanlar, mülkilər, təcili yardımlar və s. bu qəbildəndir. Onların keçdiyini həmin an çəkib yayırıq. Yol açıqdır, blokada yoxdur. Sadəcə olaraq Ermənistandan silah-sursat, mina, terrorçular gələ bilməz və Azərbaycan ərazisindən faydalı qazıntılar çıxarıla bilməz. Bu qədər sadə.

– Yaxşı, çəkilişlər edilir, fiksasiyalar aparılır, amma bunların sanki heç bir faydası olmur axı. Yenə də hay-küy, həyasızlıq davam edir…

– Gəlin hay-küyü, qara-qışqırığı real işlərdən və nəticələrdən ayıraq. Srağagün (30 yanvar 2023 – red.) Haaqa Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan tərəfinin təşəbbüsü ilə dinləmələr keçirilmişdi. Dinləmələrdə Ermənistan tərəfi birinci çıxış edərək, Laçın yolu ilə bağlı olan bütün ittihamlarını heç bir sübut olmadan, faktsız və arqumentsiz ard-arda sadalamışdı. Onlardakı coşqu, emosional ağıl tutulması o qədər dərinləşmişdi ki, bir nöqtədən sonra, aksiya ilə heç bir əlaqəsi olmayan, hətta 2016, 2020-ci illərə aid olan fotolar təqdim etməyə, əfsanələr danışmağa başladılar. Növbə bizim tərəfin çıxışlarına gələndə, tamam fərqli mənzərə ilə qarşılaşdıq – dəmir sübutlarla, daşdan keçən faktlarla silahlanmış ciddi, ağır, sanballı, sıfır emosiyalı, soyuqqanlı adamlar.

large 6qRLnuLhXxezbYiJ 1024x576 1

– Səhnəyə fikir verin. Deyirlər ki, Qarabağa nə qida, nə dərman keçirilmir. Biz göstəririk ki, qida da, dərman da keçirilir. Qanları qaralır, bir az fikrə gedirlər və deyirlər, amma bu qida və dərman azdır. Biz bu dəfə miqdarını göstəririk ki, az deyil, hər gün onlarla nəhəng yük maşını qida və dərman daşıyır. Bu dəfə daha da ovqatları təlx olur və nə desələr yaxşıdır? «Amma siz qazımızı kəsmisiniz». Deyirik ki, «kəsməmişik, dəqiqəbaşı, günaşırı qaz kəsib, qaz açmaq, işıq kəsib, işıq vermək, internet bağlayıb, internet açmaq oyunu ilə heç bir əlaqəmiz yoxdur». Və sair, və ilaxır.

– Əsas odur ki, tək deyilik, dünya ictimaiyyəti izləyir bu şounu. Biz əks-arqument gətirdikcə, mövzunu dəyişib tamam başqa hekayə danışmağa başlayırlar. Yəni, uzun sözün qısası, ermənilərin şərqvari özünü əsdirməsi, Hind filmlərindəki rəqs, bayılma və ağlama səhnələrindəki tərzdə hərəkətləri; bol emosiyalı çıxışları, qəhərli və titrək səs tembrləri, yazıq mimikaları artıq get-gedə simpatiya oyandırmaq, acındırmaq yerinə qıcıq doğurur. Qərb insanının, ümumiyyətlə istənilən insanın bir məqamdan sonra bu teatrdan bezməsi, şübhələnməsi qaçılmazdır. Biz də indi əsas vurğunu buna etməliyik və edirik ki, ey beynəlxalq ictimaiyyət, sizin hisslərinizlə oynayırlar, sizə tamaşa göstərirlər, simpatiya qazanmağa çalışırlar, siz də onlara uymaqla, cinayətkarın tərəfini tutursunuz. Çünki onlar iki ildən artıq Laçın yolundan sərbəst istifadə etməklə saysız qanunsuz, kriminal əməllər törədiblər. Təbiətimizi, resurslarımızı dağıdıblar, sərvətlərimizi Ermənistana çıxarıblar, digər tərəfdən mina və silahları qanunsuz şəkildə Azərbaycana soxub, dinc insanlarımıza zərər veriblər. Ermənistandan erməni silahlılarının, terrorçuların ərazimizə daxil olması az imiş kimi, bir də İrandan təxribatçıları, agentləri Qarabağa gətiriblər.

Yəni biz bunların hamısını düzgün şəkildə, faktlarla, sübutlarla, arqumentlərlə, emosiyasız tərzdə dünyaya təqdim etməklə insanların gözlərini açmalıyıq. Hazırda da bunu edirik.

– Mən sizi başa düşdüm. Hər şeydən şübhəli skeptik rolunda çıxış etmək arzusundan uzağam, üstəlik, dedikləriniz də çox məntiqlidir, lakin, 52 gün keçdiyi halda, Laçın yolunun bağlı olmaması, bu yoldan Qırmızı Xaçın, rusiyalı sülhməramlıların, erməni təcili tibbi yardım maşınlarının keçməsinə dair sübutlarınız da bir işə yaramayıb. Bunlar qarşı tərəfi qane etmir. Odur ki, sual yaranır: daha nə keçməlidir, necə keçməlidir, hardan keçməlidir ki, bunun adı blokada olmasın? Ermənistandan gələn, yaxud Ermənistana gedən hər hansı vasitə sizin yanınızdan rahat ötüb keçə bilərmi? Bir erməninin öz maşını ilə Xankəndiyə gəlməsi, ya da Ermənistana getməsi realdırmı?

– Doğrudur, qarşı tərəfi Qırmızı Xaçın, rusiyalı sülhməramlıların, Ermənistanın təcili yardım maşınları qane etmir. Onlar deyirlər ki, əvvəlki kimi istənilən sayda və növdə maşınlar, istənilən adamlar oradan keçməlidir. Yoldan sadəcə Qırmızı Xaçın və sülhməramlıların maşınları keçirsə, deməli, o yolda blokada var ki, xüsusi vasitələr keçir. Bu isə qətiyyən doğru deyil, çünki xəritəyə baxsaq, Laçın yolu, Ermənistan sərhədindən Xankəndiyə kimi təxminən 65-70 km. uzunluqda bir yoldur. Ermənistan sərhədindən bizim olduğumuz, yəni aksiyanın keçirildiyi əraziyə qədər olan 50 km-lik yolda rus sülhməramlılarına aid təxminən beş-altı post var. Bizim olduğumuz nöqtədən Xankəndiyə qədər olan 13-15 km-lik yolda isə rusların azı iki postu var. Yəni toplam yeddi-səkkiz postdan söhbət gedir.

trend qirmizi xac masin 040123 1 1024x576 1

İndi, baxın. Burada olduğumuz müddət ərzində, yəni birinci gündən, Ermənistandan hər hansı mülki avtomobilin bizə doğru gəldiyini, bizim olduğumuz yerdən keçdiyini görməmişik. Halbuki, ilk gündən istər biz, istərsə də dövlətimiz bu yoldan mülki şəxslərin keçə biləcəyini, onlara heç bir maneənin yaradılmayacağını demişik. Amma keçmirlər, gəlmirlər. Bizdəki foto, video və s. faktlar onu deməyə əsas verir ki, Ermənistandan gəlmək istəyən, yaxud Ermənistana getmək istəyən erməniləri ya özlərinin polisləri saxlayır, buraxmır, ya da onlar buraxsalar belə, ruslar saxlayıb geri qaytarır. Bu isə o deməkdir ki, onların yollarını bağlayan, hərəkət etməyə qoymayanlar varsa belə, o, biz deyilik.

Bizim, yəni azərbaycanlıların ermənilərin hərəkətinə mane olduğunu sübut edəcək yeganə fakt, bizim onları Xankəndiyə, yaxud Ermənistana buraxmamağımız ola bilərdi. Bizim isə elə bir şansımız olmayıb. Əvvəlcə gərək ermənilər bizə bu şansı tanısınlar ki, onları buraxıb-buraxmadığımızı, gediş-gəlişlərinə mane olub-olmadığımızı görsünlər. Məntiqli deyilmi?

– İcazənizlə, yaşlı bir erməni kişinin gəlib sizin aksiya keçirdiyiniz əraziyə çıxması haqda soruşum. O kim idi, nə istəyirdi və ən əsası, necə gəlib ora çıxmışdı? Axı, siz deyirsiniz ki, Ermənistandan Qarabağa, Qarabağdan isə Ermənistana getmək və gəlmək istəyən ermənilərə əvvəl özlərinin polisləri mane olur, onlar buraxsalar belə, ruslar mane olur…

– Bəli, həmin yaşlı erməni yolunu azaraq bizim olduğumuz əraziyə gəlib çıxdığını demişdi. Yəni bu, onun özünün versiyasıdır. Yerli sakin kimi, gizli və dolaylı yolları tanıdığını istisna etmək olmaz. Görünür, elə həmin yollardan gəlib çıxmışdı. Bizim üçün isə, əsas olan, onun bizə yaxınlaşması, bizdən yardım istəməsi idi. Razılaşın ki, vacib olan necə, haradan gəlməsi yox, bizdən nə istəməsidir.

– Nə istəmişdi sizdən? Konkret tələb və arzuları nə idi?

– Ac olduğunu, siqaret çəkmək istədiyini və xəstələndiyini, soyuqdəyməsi olduğunu demişdi. Ona dərhal yemək verdik, ərazidəki könüllü tibçilər tərəfindən müayinə edildi, dərmanla təmin edildi, yola salanda da ona iki blok siqaret, bir neçə paket də ərzaq verib, yola saldıq. Tam sərbəst, təhlükəsiz şəklidə rus sülhməramlılıarın maşınına minib getdi.

ERMENI 2 1024x576 1

Əslində, bunu da mütləq qeyd etməliyəm ki, biz ilk gündən, yoldan keçmək istəyən, yaxud hər hansı bir məsələ ilə bağlı bizimlə əlaqə saxlamaq istəyən ermənilərə telefon nömrələrimizi paylaşdıq ki, zəng eləsinlər, görüşək, danışaq, ya da onların yoldan keçməsini təmin edək. Amma zəng gəlməyib indiyə qədər. Dəfələrlə demişik ki, bizim problemimiz mülki şəxslər deyil, onlarla heç bir dərdimiz yoxdur, gəlsinlər keçsinlər. Belə bir imkanları olduğu halda, daha dolaşıq, daha qəribə və gülməli vasitələrə əl atırlar, yaxud əl atmağa məcbur edilirlər. Məsələn, ağır xəstələrinin olduğunu, Xankəndidə şəraitin olmadığını, Ermənistanda müalicə olunmalarının zəruri olduğunu deyib, Qırmızı Xaçın maşınlarını çağırırlar. Xəbər gəlir ki, ölümcül xəstə yoldan keçəcək. Maşınlar gəlib keçəndə isə görürük ki, dırnaqarası ölümcül xəstə nəinki uzanmış, yarıuzanmış vəziyyətdədir, hətta normal adam kimi oturub, telefonda qurdalanır, hətta, danışır, deyir-gülür və s. Hələ indiyə qədər Qırmızı Xaçın maşınlarında ölümcül vəziyyətdə heç kimi görməmişik. Heç olmasa görüntü xətrinə də olsa xəstəliyi imitasiya edərdilər, amma onu da etmirlər.

– Yeri gəlmişkən, içi yeniyetmə ermənilərlə dolu bir avtobusun görüntüləri də yayılmışdı. Bu avtobus Ermənistandan Xankəndiyəmi gedirdi? Elədirsə, onu azərbaycanlılardan kimlər, necə dayandırıb yoxlamışdılar və video çəkiliş hansı məqsədlə aparılmışdı?

– 18 yanvar axşamı, təxminən saat 11 radələrində bu avtobus qəfil peyda oldu Laçın yolunda. Bizə əvvəlcədən xəbər verilməmişdi kim gəlir, avtobusda kimlər var, sadəcə olaraq Ermənistan-Azərbaycan sərhədindən buraxılmışdılar və rusiyalı sülhməramlıların nəzarət məntəqələrindən keçmişdilər. Şəxsən, mənim fikrimi soruşursunuzsa, mənə elə gəlir ki, o avtobusun qəfil peyda olması təxribat məqsədi güdürdü – ümid, güman edirdilər ki, avtobusu buraxmayacaq, sərnişilərə problem yaradacağıq. Onlar da bunu çəkəcək, dünyaya yayacaqdılar. Avtobus bizim olduğumuz ərazidə dayananda maraqlandıq ki, sərnişinlər kimlərdir, cavab aldıq ki, yeniyetmələrdir, Ermənistandan Xankəndiyə, valideynlərinin yanına qayıdırlar. Biz də əlbəttə ki, keçsinlər dedik.

İndi isə, gəlirəm video çəkiliş məsələsinə. Jurnalistlərdən yalnız bircə nəfər kamerası ilə içəri boylandı və uzaqbaşı 30-40 saniyə çəkiliş apardı. Mən avtobusun lap yanında, qapının ağzında dayanmışdım və hər şeyi görür, eşidirdim. Jurnalist avtobusda yeniyetmələrin olduğunu görəndə, cibindəki konfetləri və əlindəki meyvə şirəsini onlarla paylaşmaq istədi. Uşaqlar onun təklifini geri çevirdikdən sonra, jurnalist aşağı endi, qapılar bağlandı, avtobus Xankəndi istiqamətində yoluna davam etdi.

– Bəs, hər şey bu qədər qısa çəkibsə, heç bir problem yaşanmayıbsa, erməni tərəfi bu səs-küyü niyə və necə qaldırdı?

– Məsələ də budur. Avtobus Xankəndiyə çatmamış, artıq qarşı tərəf yalan dolu xəbərlərini yaymağa başlamışdı ki, uşaqların olduğu avtobusa qara maskalı, qara geyimli, silahlı azərbaycanlılar hücum edib, uşaqların üstünə qışqırıb, əl-qol atıb, təhqir edib, hətta biri guya azyaşlı bir qıza təcavüz də etmək istəyib. Kənardan hadisəni izləyən sülhməramlılar isə bu mənzərəni gördükdə, dərhal içəri daxil olub, azərbaycanlıları aşağı endirib, sürücü də tez avtobusu sürüb, oradan uzaqlaşıb, amma azərbaycanlılar avtobusun dalınca qışqırıb, söyüşlər səsləndiriblər, uşaqlar isə qorxublar, hətta onlardan birinin ürəyi gedib, huşunu itirib.

– Hətta bu dərəcədə uydurma?

– Bəli, inanmaq çətin olsa da, məhz bu dərəcədə. Bir daha deyirəm – əlində kamera olan bircə jurnalist, avtobusun heç tam da içinə girmədən, uzağı 30 saniyə çəkiliş aparır, uşaqlara konfet təklif edir, aşağı enir, avtobus hərəkət edir, amma ardından yuxarıda təsvir elədiyim həngamə qopur, şər-böhtan baş alıb gedir.

– Bəs, jurnalist avtobusa heç boylanmasaydı, yəni heç bir təmas olmasaydı, avtobus orada heç dayanmasaydı necə olardı? Razılaşın ki, bir saniyəlik təmas belə bu boyda yalana, böhtana və həyasızlığa səbəb olursa, bəlkə heç o təmasa getməmək lazım idi.

– Razılaşa bilmərəm. Birincisi, mən də fərqindəyəm ki, “Avtobusun içində qısnanılan, təhqir edilən uşaqlar” hekayəsi, xüsusilə Qərb auditoriyası tərəfindən həssaslıq və narahatlıqla qarşılana bilər. Plan da bu idi. Halbuki, uşaq uşaqdır və onun milləti, ideologiyası ola bilməz. Biz tərəfdən də heç kimin ağlına gəlməzdi ki, uşağı narahat etsin.

Burada məsələ tamam başqadır. Bizim üçün əsas odur ki, hadisə ilə bağlı əlimizdə sübutlar var, həmin o qısa video çəkiliş. Onlarda isə heç bir dəlil yoxdur. Biz faktlarla danışırıq, onlar isə nağıl danışır. Öyrəşiblər ki, onların hər dediyinə soğru-sualsız inanacaqlar. Amma bu dəfə elə olmadı. Diqqət etdinizsə, bu hadisəni heç özləri də çox böyütmədilər, tez unutdular, heç Haaqadakı məhkəmə prosesində belə dilə gətirmədilər. Bilirsinizmi niyə? Çünki biz o çəkilişi etməklə, onların planlarını pozduq. Başda da dediyim kimi, məqsəd bizi təxribata çəkmək idi. Biz isə bir jurnalistin qısa video çəkilişi ilə onların «qara maskalılar», «uşaqları təhqir və zorlama cəhdləri», «sülhməramlıların avtobusa girib azərbaycanlıları aşağı endirməsi», «uşaqların bayılması» kimi həyasız və iyrənc yalanlarının ayaq açıb yeriməsinin qarşısını aldıq. Video fakt, bu uydurmanın uzun yaşamasına imkan vermədi.

Yəni biz 40 saniyəlik video çəkilişlə özümüzü sığortaladıq, əsas da budur. Həmin qısa videoda görünür ki, avtobusdakı uşaqlar sağ-salamatdır, onları heç kim narahat etmir və avtobus Xankəndiyə doğru yol alır. Qalan bütün erməni uydurmalarının isə zərrə qədər inandırıcılığı və dəyəri yoxdur.

– Dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edərək, yolu açmağı xahiş etdikdən sonra, ermənilər çox ümidlənmişdilər ki, bu dəfə yol dəqiq açılacaq, çünki Əliyev Blinkenin sözünü yerə sala bilməz. Blinkenin zəngindən doqquz gün keçdiyi halda, aksiya hələ də davam edir. Erməni cinahında indi isə məyusluq hökm sürür, sual edirlər ki, daha kim Əliyevə zəng eləməlidir ki, yol açılsın. Sizcə kim zəng eləsə yol açılar?

– Heç kim. Çünki bu aksiya dövlət tərəfindən keçirilmir, dövlətin aksiyası deyil. Bizim aksiyamız QHT nümayəndələrinin, mülki vətəndaşlarımızın təşkil etdiyi aksiyadır. Biz nə beynəlxalq, nə də lokal qanunları, qaydaları pozmuruq, hər şey leqal çərçivədədir, ona görə də, heç kəs bizə təzyiq edə, göstəriş verə bilməz. Blinken də çox şey istəyə bilər, amma bu məsələdə prezidentin onun üçün edəcəyi çox şey yoxdur – dediyim kimi, dövlətin bu aksiyaya heç bir dəxli yoxdur. Burada olmağımızın hansısa humanitar fəlakətə yol açması isə, təkrar edirəm, ermənilərin uydurmasıdır. Biz öz torpağımızda dayanmışıq, qanunların bizə tanıdığı haqq, hüquq çərçivəsində etirazımızı edirik, nə yol bağlamışıq, nə də kiməsə mane oluruq. Dövlətimizə də güvənirik və bilirik ki, hansısa Blinkenin sözünə görə haqlarımızı əlimizdən almayacaq. Biz, ölkəmizin ərazisindəki ekoloji terrorla razılaşmadığımızı, razılaşmayacağımızı açıq şəkildə bəyan etmişik və məqsədimizə çatana qədər buradayıq.

1671684793 1671605389 trend garabag aksiya 211222 02 1024x711 1

– Ermənilər və havadarları sizin haqqınızda danışanda “dırnaqarası ekoloqlar” ifadəsini işlədir. Ekoloji vəziyyətə görə narahatlıq keçirmək və aksiya təşkil etmək üçün hansı təhsil, kursların bitirilməsi və sertifikatların/diplomların alınması nəzərdə tutulur? Bir insanın ekoloji vəziyyətdən narahatlıq keçirməsi üçün daha nələr lazımdır? Sizi ittiham edənlərə nə cavab verərdiniz?

– İttihamlara öyrəşmişik, burada yeni bir şey yoxdur. Bunların hamısını iqnor edirik və öz işimizlə məşğuluq. Əlbəttə ki, ekoloji vəziyyətdən narahat olmaq üçün diplomlu ekoloq olmaq şərt deyil, «dırnaqarası ekoloqlar» ifadəsi isə nəinki absurddur, həm də tərbiyəsizlik və nadanlıqdır. Hər bir insan ekoloji vəziyyətdən narahat ola bilər, olmalıdır da. Şəxsən mən özüm də peşəkar, diplomlu ekoloq deyiləm. Sadəcə, təmsil olunduğum re:Azerbaijan layihəsinin missiyalarından biri vətəndaşları həm də ekoloji məsələlərlə bağlı məlumatlandırmaq olduğundan, buradakı aksiyanın ilk günündən iştirak etməyə qərar verdim və buraya gəldim. Çaylarımızın, torpağımızın çirklənməsi, zəhərlənməsi sadəcə bizim problemimiz deyil, bütün regionun, hətta dünyanın problemidir. Ona görə də zərrə qədər səmimiyyəti və dərrakəsi olan hər bir kəs, bizim etirazımızın mahiyyətinə varar, təqdim etdiyimiz faktlarla tanış olar, vəziyyəti yerində öyrənər və yalnız bundan sonra qərar verər – buradakı etiraz, bizim tələblərimiz haqlıdır, ya yox.

Globalinfo.az

Paylaş: