İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin qərbində yerləşən Əl-Hudeydə vilayətindəki sement zavoduna endirdiyi aviazərbələr nəticəsində azı 2 nəfər ölüb, daha 42 mülki şəxs isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan “Ənsar Allah” hərəkatına bağlı “Al Masirah” telekanalı məlumat yayıb.
Yaralananlarla bağlı ilkin məlumatda Yəməndəki husilərin Səhiyyə Nazirliyi 21 nəfərin xəsarət aldığını bildirmişdi. Lakin sonradan bu rəqəm 42-yə yüksəlib.
Qeyd olunur ki, bazar ertəsi axşam saatlarında İsrailin qırıcı təyyarələri Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeydə limanı da daxil olmaqla vilayətdəki bir neçə obyektə, o cümlədən sement zavoduna zərbələr endirib.
Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadla bildirib ki, İsrailin “Ənsar Allah” hərəkatına qarşı keçirdiyi əməliyyatda Birləşmiş Ştatlar iştirak etməyib.
Xatırladaq ki, mayın 4-də Yəməndəki husilər tərəfindən atılan raket İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion beynəlxalq hava limanı yaxınlığında partlayıb. İsrail ordusu raketi zərərsizləşdirməyə çalışsa da, cəhdlər uğursuz olub. Hadisə nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir.
İsrailin Baş naziri Benyamin Netanyahu hücumlara cavab veriləcəyini bəyan edib.
*** 21:10
ABŞ və İsrail Yəməndə husilərin nəzarətində olan Hodeyda şəhərinə zərbələr endirir.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” televiziya kanalı məlumat yayıb.
Məlumata görə, zərbələr “Ənsar Allah” hərəkatının nəzarətindəki mövqeləri hədəfə alıb. Hadisə regionda gərginliyin yenidən artmasına səbəb olub.
Aysel Əliyeva
Globalinfo.az