ABŞ Türkiyənin Qarabağ danışıqlarına qoşulmasında maraqlıdır – Politoloqdan sensasion iddialar

 

Dekabrın ilk dekadası üçün nəzərdə tutulan Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilməyəcək. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda Bakıda keçirilən konfransda sualları cavablandırarkən bildirib. İlham Əliyev nəzərdə tutulan görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirak etməsini şərt kimi irəli sürməsinin Azərbaycan tərəfindən qəbul olunmasını mümkün saymayıb.

Prezidentin də bildirdiyi kimi, Ermənistan baş naziri bu təklifi şərt kimi irəli sürərkən Azərbaycanın reaksiyasını əvvəlcədən hesablaya bilərdi və yaxud hesablamalı idi. Çünki Emmanuel Makronun Praqa görüşündən sonra anti-Azərbaycan fəaliyyəti və Fransa Senatını da bu məsələyə qatması onun vasitəçi olmaq təşəbbüslərini istisna edib. Fransanın Ermənistan tərəfindən vasitəçi kimi prosesəsə qoşulmaq cəhdi Azərbaycanın Türkiyəni danışıqlarda tərəf etməsinə bərabər bir gediş ola bilərdi. Əgər Azərbaycan danışıqlar prosesində Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını şərt kimi irəli sürsəydi, Ermənistanın reaksiyası necə olardı? Təbii ki, vay-şüvən qaldırar və Azərbaycanla Türkiyənin onu təklədiyini bütün dünyaya bəyan edərdi. Bəs özü nədən Fransanı, Makronu dövrəyə soxur və Azərbaycanın haqlı etirazını danışıqları, sülh prosesini pozmaq cəhdi kimi təqdim edir?

Görəsən Makronu ortaya soxmaqda Ermənistan rəhbərliyinin məqsədi nədir?

Brüssel və Praqa görüşlərindən sonra Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı barədə bəyanatlar vermişdi. Beynəlxalq aləm Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nəhayət, imzalanacağını gözləyirdi. İlin sonuna 1 ay qalmış, Ermənistan rəhbərliyi verdiyi vədin arxasında dayana bilməyəcəyini artıq dərk edir. Məhz buna görə də müxtəlif hoqqabazlıqlar edir. Gah çərçivə sazişi ideyasını ortaya atır, gah KTMT və eləcə də Rusiyaya qarşı demarşlar edir və nəhayət, Makronu danışıqlar prosesinə soxmağa çalışır. Ayının oyunu bir armud üstündə olduğu kimi, Paşinyanın da oyunu sülh müqaviləsinin imzalanmasını maksimum ertələmək olduğu göz qabağındadır.

Azərbaycan Prezidenti son çıxışında Paşinyanın bu demarşına layiqincə cavab verdi və Fransanın bundan sonra vasitəçi sifətini itirdiyini bildirdi. Fransanın mövqeyi keçmiş Minsk Qrupu kimi artıq laxlamağa başlayıb. Böyük ehtimalla onun da vasitəçiliyini elə üzvü olduğu təşkilatın taleyi gözləyir.

Bununla yanaşı Azərbaycan Prezidenti görüşlərin digər platformalarda davam etdiriləcəyini istisna etməyib. Bəlkə Makronla yanaşı Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın da danışıqlar prosesinə qatılmasının zamanı gəlib? Düşünürəm ki, bundan sonra Azərbaycan məhz bu format üzərində fəaliyyətini davam etdirməlidir. Bu format həm də Qərb dairələrinin qəbul edəcəyi bir format olacaq, çünki Rusiyanı prosesdən kənarlaşdırmaq üçün imkan yaranıb. ABŞ-ın və Avropanın istədiyi elə budur. Bəlkə elə məqsədyönlü şəkildə Makron ortalığa atılır?

Əlimusa İbrahimov, Politoloq
Xüsusi olaraq Globalinfo.az üçün