Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki, son vaxtlar bu proses nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Akvatoriyanın əhəmiyyətli dərəcədə kiçilməsi müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadrat kilometrdən çox azalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənbaşıda Xəzər ekoloji sammitində çıxış edərkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, hazırkı tendensiya davam edərsə, nəticələr fəlakətli xarakter daşıya bilər.
O qeyd edib ki, dayazlaşma problemi təkcə ekoloji ölçüyə malik deyil: “Dəniz səviyyəsinin aşağı düşməsi dövlətlərimizin maraqlarına birbaşa toxunur, sahilboyu rayonlarda insanların həyatına, iqtisadiyyata, nəqliyyata təsir edir. Biz sahil xəttinin necə geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanların və digər sahil infrastrukturu obyektlərinin fəaliyyətində problemlərin yarandığını görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində təkcə Xəzərin Azərbaycan hissəsində 30 min hektara yaxın quru sahəsi yaranıb”.