Azərbaycanda yaşayış xərclərinin artması insanların əlavə gəlir mənbələrinə ehtiyacını da gündəmə gətirir. Son dövrlər əsas işindən əlavə ikinci işdə çalışanların sayının artması bir sıra sosial və iqtisadi məsələləri aktuallaşdırır.
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda minimum əməkhaqqı 400, minimum pensiya 360, orta aylıq əməkhaqqı isə 1178 manatdır.
Onun sözlərinə görə, bu rəqəmlərlə yanaşı, median əməkhaqqı da mühüm göstəricidir:
“Median maaş 580-590 manat civarındadır. Median maaş çox vacib göstəricidir. Bu rəqəmlər onu göstərir ki, insanlar indiki bahalaşma, inflyasiyanın yüksəlməsi və həyat şəraitinin bahalaşması fonunda bu gəlirlərlə, bu maaşlarla dolanmaqda çətinlik çəkirlər. Bəziləri ikinci, hətta üçüncü iş axtarmağa çalışırlar. Amma bu da o qədər asan məsələ deyil. Çünki işsizlər, heç bir işi olmayan insanlar da var. Müxtəlif müavinətlər, o cümlədən işsizlik və ünvanlı sosial yardım alan vətəndaşlar mövcuddur”.
Natiq Cəfərli
İqtisadçı bildirib ki, bütün bunlar nəzərə alınaraq yeni iqtisadi sistemin formalaşdırılması istiqamətində addımlar atılmalıdır:
“Azərbaycanda əsas məsələlərdən biri inflyasiya ilə mübarizədir. Hökumət bunun üçün müəyyən addımlar atmalıdır. Amma əsas məsələ insanların gəlirlərinin artması, varlanması və daha çox pul qazanması üçün yeni iqtisadi sistemin formalaşdırılmasıdır. İnsanlar daha çox qazanmaq istəyirlər və bunun üçün şərait yaradılmalıdır. Vergi, gömrük, lisenziyalaşdırma və qanunvericilik sahəsindəki mexanizmlər kiçik və orta sahibkarlıq, eləcə də biznes üçün daha əlverişli formaya gətirilməlidir. Bu, insanların daha çox gəlir əldə etməsinə imkan verməlidir”.
Zaira Akifqızı
Globalinfo.az