ABŞ İranla gizli danışıqlar aparıb? – Tehran iddialara cavab verdi

“İran və ABŞ Qırmızı dənizdə təhlükəsizliklə bağlı vəziyyəti müzakirə etməyib”.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “İRNA” agentliyi adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, İran və ABŞ arasında Omanda aparılan danışıqlar yalnız anti-İran sanksiyalarının ləğvi məsələsinə aid olub. Məsləhətləşmələrdə Qırmızı dənizdə üzən gəmilərin təhlükəsizliyi ilə bağlı məsələ müzakirə olunmayıb.

“Danışıqlar yalnız sanksiyaların ləğvi mövzusu ilə məhdudlaşır. Diplomatik uğursuzluğunu kompensasiya etmək üçün psixoloji təzyiq və reallığın təhrifi üsulu ABŞ siyasi strategiyasının bir hissəsidir. Sanksiyaların ləğvi məsələsi isə İran üçün həmişə prioritet olub”, – mənbə bildirib.

Qeyd edək ki, daha öncə Britaniyanın “Financial Times” qəzeti yanvar ayında ABŞ-ın İranla gizli danışıqlar apardığını yazıb. Nəşrin iddiasına görə, ABŞ Qırmızı dənizdə gəmilərə hücum edən Husilərə təzyiq göstərməyə Tehranı razı salmağa çalışıb. Omanda baş tutan məsləhətləşmələrdə Vaşinqtonu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley, Tehranı isə xarici işlər nazirinin müavini Əli Baqeri Kani təmsil edib.

Nəşrin məlumatına görə, danışıqların ikinci raundu fevralda baş tutmalı idi. Lakin ABŞ-ın Qəzza zolağında münaqişəni həll etmək cəhdləri fonunda danışıqlar təxirə salınıb.

Əliyar Xəlil
Globalinfo.az