ABŞ Kremli qorxuya salan addımı atacaqmı?

F-16 qırıcıları artıq bu il Ukraynaya göndərilə bilər. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder jurnalistlərə deyib.

“Proqnozlarımıza görə, F-16-lar bu il tədarük ediləcək”, – o qeyd edib.

Maraqlıdır, F-16 qırıcılarının Ukraynaya verilməsi müharibənin gedişatında yeniliyə səbəb olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, F-16 qırıcılarının Ukraynaya verilməsi ciddi dəyişikliklərə səbəb olacaq:

“Amma ABŞ və müttəfiqləri Ukraynaya müharibənin taleyinə təsir edəcək silahların verilməsindən çəkinir. Vaşinqton bu addımı atsa, Kremllə körpüləri yandırmış olacaq. Amma nə Qərb, nə də ABŞ bunu istəyir. Çünki müharibə əbədi davam etməyəcək, gec-tez bitəcək. Buna görə də Rusiya ilə körpülərin yandırılması ABŞ-a sərf etmir.

Hesab edirəm, bu məsələdə bir konsensus əldə edilməlidir. Yəni “Ukraynaya F-16 verəcəyik” deyib beynəlxalq ictimaiyyətin başını qatan ABŞ seçim etməlidir. Həm də Kiyev bu vədlərə arxayın olub müharibə edir. Yəni müharibənin uzanmasının digər səbəbi bu vədlərdir”.

Turan Rzayev
Globalinfo.az