Ukrayna Silahlı Qüvvələrində yeni kadr təyinatlarının həyata keçirilməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, məsələ Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa ilə müzakirə olunub. Təyinatların müdafiə naziri və Ukrayna Silahlı Qüvvələrinin baş komandanı ilə birgə həyata keçiriləcəyi bildirilib.
Görüş zamanı cəbhədəki vəziyyət, ordunun mövcud durumu və hərbi ehtiyaclar da müzakirə edilib. Zelenskinin sözlərinə görə, Ukrayna 2027-ci ildə pikap avtomobillərinin satın alınması proqramını davam etdirməyi planlaşdırır. Hazırda bu məqsədlə alınacaq avtomobillərin sayı və maliyyələşmə məsələləri üzərində iş aparılır.
Pavel Palisa həmçinin Ukraynaya hava hücumundan müdafiə vasitələrinin, döyüş modullarının və digər hərbi avadanlıqların tədarükü ilə bağlı tərəfdaşlarla aparılan danışıqlar barədə məlumat verib.
Zelenski Avropadakı istehsalçılarla FREYJA antibalistik müdafiə proqramı çərçivəsində müvafiq razılaşmaların müzakirə olunduğunu da qeyd edib.
Onun sözlərinə görə, proqramın icrası istiqamətində irəliləyiş var və Ukrayna effektiv antibalistik müdafiə sisteminin yaradılmasına yaxınlaşır.
Əliyar Xəlil