tiktok 131

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok sosial şəbəkəsini sərt tənqid edərək, onun xüsusilə gənclərin beyninə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu platforma gənclərin düşüncə tərzinə zərər vurur. Tokayevin bu açıqlaması sosial şəbəkələrin uşaqlara və yeniyetmələrə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, sosial şəbəkələr qlobal fenomendir və müəyyən zərurətdən yaranıb:

“Onların müsbət tərəfləri də az deyil. Milyonlarla insan sosial şəbəkələr vasitəsilə işgüzar münasibətlər qurur və müxtəlif məqsədlər üçün bu platformalardan istifadə edir. Lakin bununla yanaşı, ciddi mənfi təsirləri də mövcuddur. Xüsusilə TikTok kimi platformaların uşaqlara və yeniyetmələrə təsiri narahatlıq doğurur. Bu baxımdan Çin nümunəsi diqqət çəkir. Belə ki, Çində TikTok-un analoqundan istifadə edilsə də, ona xüsusi nəzarət mexanizmləri tətbiq olunur”.

Sosioloq bildirib ki, Çin mütəxəssislərinin araşdırmalarına görə, bu tip platformalar uşaqlarda fraqmental düşüncə formalaşdırır, riyazi-məntiqi və analitik təfəkkürü zəiflədir, eyni zamanda asılılıq yaradır:

“Buna görə də uşaqların sosial şəbəkələrdən istifadəsinə gündəlik 45 dəqiqəlik limit qoyulub. Oxşar yanaşmalar digər ölkələrdə də mövcuddur. Avropa İttifaqının bir sıra ölkələrində dövlət qulluqçularının TikTok-dan istifadəsinə məhdudiyyətlər tətbiq edilib. Türkiyə və Fransada da bu istiqamətdə müəyyən addımlar atılır. Hesab edirəm ki, belə platformalara məhdudiyyətlər tətbiq etməzdən əvvəl təhlükəsizlik tədbirləri görülməli, cəmiyyətin sosial şəbəkələrin mənfi təsirlərinə qarşı immuniteti formalaşdırılmalıdır. Bu platformalar təhlükəsiz istifadə mühitinə çevrilməli, hüquqa və əxlaqa zidd, mənəvi dəyərləri zədələyən paylaşımların qarşısını alan filtr və tənzimləmə mexanizmləri yaradılmalıdır”.

Sosioloqun fikrincə, hökumətlərin sosial şəbəkə operatorları ilə bu istiqamətdə danışıqlar aparması və müvafiq razılaşmalar əldə etməsi də məqsədəuyğundur:

“Azərbaycanda da bu istiqamətdə preventiv tədbirlər görülüb. Cinayət Məcəlləsinə dəyişikliklər edilib, 148.1-ci maddə əlavə olunub. Eyni zamanda, “Telekommunikasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara müvafiq dəyişikliklər edilib.

uzeyir sefiyev 1

Üzeyir Şəfiyev

Lakin bütün bunlara baxmayaraq, sosial şəbəkələrin zərərli təsirlərini tam aradan qaldırmaq mümkün olmayıb. Buna görə də monitorinqlər aparılmalı, hüquqi tənzimləmə və maarifləndirmə istiqamətində işlər davam etdirilməlidir”.

Ü.Şəfiyev əlavə edib ki, bu məsələdə təkcə Tokayev deyil, tanınmış milyarder Bill Qeyts də sosial şəbəkələrin mənfi təsirlərinə diqqət çəkir:

“Onun fikrincə, sosial şəbəkələr vaxt oğrusudur, insanların enerjisini tükəndirir və onları mənfi istiqamətə yönəldə bilir. Bill Qeyts bu mövzuda məşhur psixoloq Conatan Haydın “Narahat nəsil” kitabını da tövsiyə edir. Əsərdə sosial şəbəkələrin mənfi təsirləri və onlardan qorunma yolları əks olunub. Hesab edirəm ki, bu istiqamətdə məlumatlandırma və maarifləndirmə işi gücləndirilməlidir. Cəmiyyət, ailələr, təhsil müəssisələri, media və müvafiq dövlət qurumları birlikdə, profilaktik və maarifləndirici tədbirlər vasitəsilə sosial şəbəkələrin dağıdıcı təsirlərinə qarşı mübarizə aparmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: