krimoglu esa

Globalinfo.az Krım Tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Krımoğlu ilə müsahibəni təqdim edir:

– Mustafa bəy, “Türkiye Gazetesi”nə müsahibənizdə Krım Muxtar Respublikasının yeni modelinin yaradılması üçün hazırlıqların başa çatdığını bildirmisiniz. Bu, Ukraynanın ərazi bütövlüyü çərçivəsində milli-regional muxtariyyətin yaradılmasını nəzərdə tutur. Təklif olunan bu modelin və ya yol xəritəsinin Krım tatarları üçün əhəmiyyətini açıqlayardınız.

–  Əslində, bu, Stalinin ölümündən sonra yaranan Krım Tatar Milli Hərəkatının tələbləri idi. Birincisi, Krım tatar xalqının vətənlərinə qayıtması. Onlardan haqsız yerə alınan torpaqlar geri qaytarılması. Üçüncüsü və ən əsası, müharibədən əvvəl mövcud olan Krım Tatar Muxtar Respublikasının Sovetlər Birliyi çərçivəsində bərpası idi. Ona görə Krım Tatar Milli Hərəkatının iştirakçılarını “muxtariyyətçi” adlandırırdılar, çünki muxtariyyət tələb edirdik. Sovetlər Birliyi dağıldıqdan və Krım tatarları Ukraynanın dəstəyi ilə vətənlərinə qayıtmağa başladıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. Artıq bizim tələblərimiz Ukrayna dövlətinə yönəlmişdi. 1991-ci ildə Krım Muxtar Respublikasının yaradılması barədə Krımda referendum keçirildi. O vaxt Krım yarımadasında cəmi 40 minə yaxın Krım tatarı var idi. Qalan əksəriyyəti Qazaxıstan, Özbəkistan və digər yerlərdə sürgündə idi. Biz buna qarşı idik, çünki bu muxtar respublika yerli xalqın öz müqəddəratını təyin etmək barədə beynəlxalq hüquqa əsaslanan muxtariyyət olmalı idi. Lakin onlar praktik olaraq rus Krım respublikasını qurdular. Krım yarımadasına yüz minlərlə rus gətirilmişdi və orada ruslar əksəriyyət təşkil edirdi. O vaxt mən şəxsən o vaxtkı prezident Leonid Kravçukla görüşdüm. Dedim ki, “Siz indi Ukraynanın bütövlüyünə qarşı bir bomba qoyursunuz. Siz rus respublikası qurursunuz. Biz buna qəti şəkildə qarşıyıq”. Lakin Kravçuk o zaman dedi ki, “Biz onu tam milli əsasda yaradırıq”. Amma bu baş vermədi. Bu, praktik olaraq rus respublikası idi. Aşağıdan yuxarıya qədər hakimiyyətdə olanlar rus şovinistləri, rus tərəfdarları idi.

İndi vəziyyət dəyişdi. İşğaldan sonra onlar yenə Krım rus respublikasını qurdular. Formal olaraq ukrayna dili, Krım tatar dili və rus dili rəsmi dil kimi tanındı. Amma praktik olaraq ukrayna dili tamamilə qadağan edildi. Krım tatar dilində isə yalnız Ali Radanın mətnləri və bəzi  rəsmi sənədlər var, digər heç bir yerdə bu dilə rast gəlinmir. Bir sözlə, tamamilə ruslaşdırılma aparılır.

İşğaldan sonra Krım yarımadasında nə baş verdiyini hamı başa düşdü. Xüsusilə Krım tatar xalqı və onların nümayəndəlik orqanı olan Krım Tatar Milli Məclisi işğala qəti şəkildə qarşı çıxdı, işğalı tanımadı və Krımın Ukrayna ərazisi olduğunu dedi. İşğal bitməmişdən əvvəl burada rus deyil, Krım Tatar Muxtar Respublikasının yaradılmasını tələb etdi. Tatar sözünün mütləq işlədilməsi şərt deyil, daha öncə də dediyim kimi, yerli xalqın öz müqəddəratını təyin etmək barədə beynəlxalq hüquqa əsaslanan muxtariyyət respublika yaradılmalıdır. Preambulada bu sözlər yazılmalıdır. Ukrayna Krım Muxtar Respublikasının Konstitusiyasında Krım tatar dilinin Ukrayna dili ilə yanaşı rəsmi dil olmalıdır. Krım tatar xalqı özünü müdafiə etmək üçün idarəetmə sistemində, hüquq sistemində və Ali Radada kifayət qədər təmsil olunmalıdır. Krım tatarları üçün bundan başqa imtiyazlar nəzərdə tutulmur.

Bu tələb əslində Avropa Parlamenti tərəfindən də dəstəkləndi. 2021-ci ilin fevral ayında Avropa Parlamentində Ukraynanın Avropa Birliyi ilə əməkdaşlığına dair qətnamə qəbul edildi. Sənəddə Ukraynanın Avropa Birliyinə daxil olması üçün şərtlər də qoyulmuşdu. Bu maddələrdə Krım tatar xalqının əsas hüquqlarının təmin edilməli olduğu bildirilirdi. Krım xalqı Ukraynanın yerli xalqı kimi tanınmalı, onların statusu ilə bağlı ayrıca qanun qəbul edilməli və Ukrayna Konstitusiyasının 10-cu bölümündə Krım Muxtar Respublikasının statusuna dəyişiklik edilməli, ona yerli xalqın öz müqəddəratını təyin etmək hüququna əsaslanan bir status verilməlidir. Ukraynada, 2021-ci ilin iyul ayında qəbul edilən qanun Krım tatarlarını yerli xalq kimi tanıdı. İndi iki maddə qalıb: Krım tatar xalqının statusu və Ukrayna konstitusiyasına Krım Muxtar Respublikası ilə bağlı dəyişiklik edilməsi məsələsi. Lakin Ukrayna qanunları müharibə dövründə konstitusiyaya dəyişikliyi nəzərdə tutmur. Buna görə də, atəşkəs və ya hər hansı bir sülh müqaviləsi olarsa, əvvəlcə bu status məsələsi həll edilməlidir.

2019-cu ildə keçirilən prezident seçkilərindən sonra biz Volodimir Zelenski ilə görüşdük. Bu tələbləri ona çatdırdıq. Zelenski dedi ki, buna qarşı deyil, bu layihələrinizi verin, ekspertlərimiz onlara baxsın və onların ətrafında çalışmalara başlayaq”.

“Türkiye Gazetesi”nə müsahibədə “Krım Muxtar Respublikası ilə bağlı Ukrayna dövləti ilə razılaşma əldə olunub”, deyə yazılıb, amma bu, tam da doğru deyil, çünki Ukrayna monarxiya deyil və prezidentin fikri belə ola bilər, amma qərarlar parlamentdə qəbul edilir. İndi biz bunun ətrafında çalışırıq. Və digər mətbuat orqanlarında sanki orada “Krım tatar dövləti qurulur” kimi absurd şeylər yazmağa başladılar.

– Və “şərait tələb edərsə, sürgündə respublika elan edə bilərik” deyə bir fikir səslənib müsahibədə…

– O soruşdu ki, siz sürgündə öz hökumətinizi qura bilirsinizmi? Dedim ki, sürgündə niyə? O, bizim Ukraynadan kənarda, mühacirətdə olduğumuzu düşünüb. Dedim ki, biz öz torpağımızda, öz dövlətimizdəyik. Buna görə də Ukraynadan kənara çıxmaq kimi bir niyyətimiz və ya fikrimiz yoxdur. Bizi bu məsələlərdə həmişə Ukrayna dövləti dəstəkləyir.

– Sizcə, Türkiyə bu prosesə necə töhfə verə bilər?

– Türkiyə əslində 2014-cü il rus işğalından sonra da həmişə bu işğalı tanımadığına, Ukraynanın ərazi bütövlüyünün təmin olunması dair açıqlamalar verir. Buna görə biz əlbəttə ki, minnətdarıq. Amma işğaldan xilas etmək üçün yalnız bəyanatlar kifayət deyil, burada praktik dəstək lazımdır.

İşğaldan sonra biz cənab Ərdoğanla görüşdük. O, bizə “Nə cür kömək edə bilərik?”, deyə sual verdi. Biz isə “Avropa Birliyi və ya Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiyalara qoşulun” dedik. Gəmilərin Bosfor boğazından keçməsini qadağan edin. Krımın torpaq ərazisini öz gəmilərinizlə blokadaya alın ki, rus əsgərləri və gəmiləri  yaxınlaşa bilməsin”, dedik. O bildirdi ki, “biz Avropa və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara qoşula bilmirik, çünki bunun səbəbləri var”. Görünür, səbəb o zaman təbii qazın 65-70%-ni Rusiyadan alınması idi. Ruslarla münasibətlərini korlamaq istəmədilər. “Boğazı da bağlaya bilmirik, çünki Montrö Konvensiyası var. Amma biz NATO ölkəsiyik və əgər NATO bu işğalçılığa qarşı hər hansı bir tədbir görəcəyi təqdirdə, bu tədbirlərə qatılan ilk ölkə olarıq”.

Yəni bu mövqe normaldır və xüsusilə də bu sanksiya məsələsi ilı bağlı bu cavabı anlayışla qarşıladıq. Türkiyə mümkün olduğu qədər bizə kömək edir və dəstəkləyir. Amma təəssüf ki, bu dəstək kifayət qədər deyil.

– “Vuslat uzak değil” demisiniz. Azərbaycanlılar işğal olunmuş əraziləri geri qaytaracaqlarına inamı heç vaxt itirmədilər. Və 30 il sonra bu torpaqlara qovuşduq. Sizə bu ümidi verən haqq savaşıdırmı?

– Biz, şübhəsiz ki, bu Qarabağ müharibəsinin nəticələrini böyük sevinc hissi ilə qarşıladıq. Çünki bu, həqiqətən də həm Krımda, həm də burada bizə ümid verdi. İşğal nə qədər davam etsə də, nəticədə o torpaqlar azad ediləcək. Azərbaycana təbrikimizi ünvanladıq.

– Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Mövcud vəziyyətə gəldikdə isə, bildiyiniz kimi, bəlkə də bu müharibədə ən çox əziyyət çəkən Krım tatar xalqı oldu. Biz Krım yarımadasında vahid bir millət olaraq işğala qarşı çıxdıq və ən böyük təzyiq bizim xalqa qarşı göstərildi. İndi siyasi məhbusların 65-70%-i Krımın tatarlarıdır. Amma, düşünün, orada əhalimizin say nisbəti təxminən 13%-dir. Yəni bizə qarşı təzyiq beş-altı dəfə artıqdır. Buna görə də, bu təzyiq nəticəsində çox sayda Krımın tatarı öz torpaqlarını tərk edərək başqa ölkələrə getmək məcburiyyətində qaldı. Bu böyük müharibədən əvvəl Krımı tərk edən insanlarımız əsasən Ukraynanın materik hissəsinə gəlirdi. Lakin böyük müharibə başladıqdan sonra sərhədlər bağlandı və Krımı tərk edən Krım tatar xalqı dünyanın müxtəlif ölkələrinə sığınmaq məcburiyyətində qaldı. Krım yarımadasında intensiv şəkildə ruslaşdırma və assimilyasiya siyasəti aparılır. Demək istədiyim odur ki, Krım yarımadası işğaldan azad edilməzsə, Krım tatar xalqının gələcəyi olmayacaq. Ya insanlarımızın əksəriyyəti yenə də vətənlərini tərk edəcək, ya da orada ruslaşdırılacaq, manqurt olacaqlar.

İndi sülh planları, atəşkəs müzakirə edilir. Lakin bu müharibə təkcə Krım deyil,  işğal olunmuş bütün ərazilər də azad edilməyənə qədər bitməyəcək. Atəşkəs olsa belə, bu, yalnız müvəqqəti bir fasilə olacaq. Hər iki tərəf yeni müharibəyə hazırlaşacaq. Növbəti müharibə bəlkə də daha qanlı olacaq. Buna görə də sülh yalnız beynəlxalq prinsiplərə əsaslanmalıdır. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin ikinci maddəsinə görə dövlətlərin ərazi bütövlüyü mütləq təmin edilməlidir. Əgər bu baş verməsə, müharibə bitməyəcək.

– Çox sağ olun, Mustafa bəy. Globalinfo.az redaksiyası adından bir daha sizi doğum günü münasibətilə təbrik edirik. Arzu edirik ki, həyatınızı həsr etdiyiniz Krım tatarlarının vətənə qayıdışı tezliklə gerçəkləşsin.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: