behruz 900x675 1

“Ermənistanda yeni konstitusiya layihəsinin dərc olunması və sənəd ətrafında aktiv müzakirələrin başlanması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin praktiki icra mərhələsində müəyyən irəliləyiş, paralel olaraq iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa təmaslarda ehtiva olunan yeni həmlə rəsmi Bakının irəli sürdüyü sülh şərtlərinin regionda mütləq reallığa çevrildiyini, Azərbaycanın təşəbbüsü ilə reallaşan “de-fakto” sülh və etimad quruculuğu mexanizmlərinin effektivliyinin göstəricisidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın regionda həlledici güc mərkəzi və sülhün əsas memarı kimi mövqeyini qəti şəkildə təsdiqləyir və Prezident İlham Əliyevin prinsipial,uzaqgörən siyasi iradəsi nəticəsində hərbi-siyasi müstəvidə bərpa edilən ərazi bütövlüyü dayanıqlı sülh və genişmiqyaslı regional inteqrasiya gündəliyi ilə möhkəmləndirilir:

“Son günlər istər Fransadan, istər Avropa parlamenentindən ayrı-ayrı qərəzli gedişlər göstərir ki, bölgədə sülh və etimad quruculuğu prosesini pozmağa ümidli olan dairələr hələ də aktivdir. Ermənistanda revanşist kəsimin konstitusiya islahatları ilə bağlı radikal davranışları, Azərbaycanda isə konkret əməllərinə görə ədalət mühakiməsi qarşısına çıxarılan şəxslərin məhkəmələrinin siyasi şouya çevirmək cəhdləri də təbii ki, bu prosesin tərkib hissəsidir.

Bu mənada Azərbaycan vətəndaşı da ayıq olmalıdır ki, 30 il ərzində bir milyon insanın pozulan təməl haqlarını görməzdən gələn beynəlxalq qurumların bu gün hansısa məhkəmə proseslərinə fokuslanması insan haqları adına səmimi yanaşma ola bilməz. Azərbaycanda əvvəllər separatçıların məhkəmə prosesi, indi də xalqa qarşı ən ağır cinayəti törətməkdə ittiham olunan ünsürlərin ədalət mühakiməsinin ayrı-ayrı beynəlxlaq media orqanlarına daşınma cəhdi, xaricdə kəşfiyyat orqanlarının qucağında oturmuş siyasi və mənəvi cəhətdən tükənmiş “mühacir” ünsürlərə beynəlxalq müxtəlif tribunalarda imkan yaratmaq cəhdləri təbii ki, dövlətin beynəlxlaq imicini hədəfə alan, sülh gündəliyini pozma və regionda qurulmaqda olan əməkdaşlıq mühitini dağıtmağa hesablanan planlı fəaliyyətdir”.

Deputat bildirib ki, burada narahatlıq doğruran digər məqam, bəzi qurumların daxili yazışmalarının və qapalı məlumatlarının Avropadakı anti-Azərbaycan dairələrin, media şəbəkələrinin əlinə keçməsi, yaxud hansısa formada ötürülməsidir:

“Biz bu məsələlərə heç bir formada yalnız mövcud qanunvericiliyin pozuntusu, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıq kimi baxmamalıyıq,  müasir dövrdə bu kimi faktlar  həm milli təhlükəsizlik, həm də dövlət idarəçiliyinin hüquqi-institusional bütövlüyü baxımından ciddi araşdırma tələb edən strateji məsələdir və ayrı-ayrı qurumların daxilindəki fərdi ambisiyalarındanmı, idarələrarası gizli rəqabətdənmi, korporativ maraqlardanmı yaxud hansı səbəbdən qaynaqlanması, eyni zamanda onlara verilən siyasi sifariş kanalları mütləq araşdırılmalıdır. Əlbəttə, qeyd etdiyim faktlar ümumi məzmunda Azərbaycanın yaratdığı reallıqlara hansısa formada təsir edə bilməz, əksinə proseslərin gedişi göstərir ki, post-münaqişə dövrünün reallıqlarını diktə edən və regiona sülh gətirən Azərbaycan həm Cənubi Qafqazda sabitliyin qarantı, həm də qlobal təhlükəsizlik dialoqunun aparıcı aktoru kimi mövqeyini, Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasında isə əvəzolunmaz tərəfdaş statusu daha da gücləndirir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: