Vaşinqton görüşü: Simonyanın xüsusi mesajının açması nədir?

“Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, nazirlərin görüşündə irəliləyişin əldə olunacağına inanır. Fikrimcə, bu açıqlama göründüyündən daha ciddi mahiyyət kəsb edir. Məsələ burasındadır ki, Ermənistan hərbi-siyasi hakimiyyəti artıq sülhün onlar üçün alternativinin olmadığını anlamağa başlayıb. Vaxt, əlbəttə, rəsmi İrəvanın əleyhinə işləyir. Buna baxmayaraq, əsas paradoks ondan ibarətdir ki, Ermənistan reallığı başa düşdüyü halda, xislətindən əl çəkə bilmir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Vaşinqton görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, sülh nə qədər tez əldə olunarsa, Ermənistan üçün bir o qədər faydalıdır:

“Əvvəllər də dediyimiz kimi, indi sülh müqaviləsi bizdən daha çox İrəvanı düşündürməlidir. Nəzərə almaq lazımdır ki, sərhədlər hələ müəyyənləşməyib. Ermənistan xüsusilə üçüncü qüvvələrin təhriki ilə təxribatlarını davam etdirir. Sözsüz ki, Azərbaycan bu provokasiyalara cavab olaraq adekvat addım atmaq, lazım gələrsə, sərhədləri özü müəyyənləşdirmək hüququna malikdir. Bu isə İrəvana sərf etmir. Deməli, Ermənistan sülhə doğru daha sürətli addımlar atmalıdır.
Diplomatik təmasların intensivləşməsi və digər geosiyasi məqamlar Cənubi Qafqazda “suların durulması”, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün münbit şərait yaradır. Təsadüfi deyil ki, C.Bayramov bu günlərdə bildirmişdi ki, bu ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər”.

Kənan Novruzov

Ekspert bildirib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Vaşinqtonda keçirilən görüşlərdə müəyyən razılıqların əldə olunması və nəticə etibarilə bizim sülhə daha bir neçə addım yaxınlaşmağımız mümkündür:

“Amma “1 addım irəli, 2 addım geri” prinsipi rəsmi Bakının maraqlarına uyğun deyil. Bizə məsələnin köklü, birdəfəlik həlli lazımdır. Bu isə hazırda aktual olan bir neçə əsas məqamdan asılıdır: Ermənistan hərbi-siyasi hakimiyyəti təxribatlarına birmənalı olaraq son qoymalı, üçüncü qüvvələrin maşası olmamalıdır;

Qarabağdakı əhalinin Azərbaycana reinteqrasiyasına əngəl törədilməməlidir; Sərhədlərinin demarasiya və delimitasiyası ən qısa zamanda baş tutmalıdır; Zəngəzur dəhlizinin açılması ilə hansısa ilkin şərt irəli sürülməməlidir.

Sülh müqaviləsi imzalanana kimi bu məsələlər böyük ölçüdə həllini tapmalıdır. Biz Ermənistanın səmimiliyinə əmin olmalıyıq. Əks halda perspektivdəki sülh kövrək olacaq və Ermənistan 1994- cü ildə əldə olunan atəşkəsi, 2020-ci illərdəki üçtərəfli razılaşmaları pozduğu kimi, bu sənədin şərtlərinə də əməl etməyəcək. Beləliklə, indi ən çox tələb olunan məsələ Ermənistan hərbi-siyasi hakimiyyətinin iradəsidir”.

Turan Rzayev
Globalinfo.az