Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Dəstək Qüvvələrinin komandanı Dmitri Gereqanı vəzifəsindən azad edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidentinin rəsmi saytında müvafiq fərman dərc olunub.
Digər fərmanla briqada generalı Dmitri Tkaçenko sözügedən vəzifəyə təyin edilib. Kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Dmitri Gereqa 2021-ci ilin avqustundan Dəstək Qüvvələrinə rəhbərlik edib. O, 2024-cü ilin martında da vəzifəsindən azad edilmiş, lakin üç ay sonra yenidən həmin posta qaytarılmışdı.
2020-ci ildə yaradılan Dəstək Qüvvələrinin tərkibinə mühəndis qoşunları, radioelektron mübarizə, radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri, eləcə də bir sıra digər hərbi xidmətlər daxildir.