ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə Şençjendə keçirilən üçtərəfli görüşü şərh edərkən diqqət çəkən fikir səsləndirib. Tramp bildirib ki, Çin ilk dəfə olaraq Rusiya və ABŞ ilə nüvə risklərinin azaldılmasına dair birgə məsləhətləşmələrdə iştirak etməyə razılıq verib.
“Onlar bunu etməkdən çəkinirdilər, çünki Çin nüvə başlıqlarının sayına görə Rusiya və ABŞ-dan çox geridə qalır. Lakin onlar 10 il ərzində bizə çatacaqlar”, – Tramp söyləyib.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Pekin və Vaşinqton arasında nüvə təhlükəsizliyi məsələsində mümkün razılaşma beynəlxalq münasibətlər sistemində mühüm hadisə ola bilər:
“Lakin burada əsas məsələ iki ölkənin danışıqlar masasına oturub-oturmayacağı deyil, əldə ediləcək razılaşmanın nə dərəcədə davamlı və real nəticələrə hesablanmış olacağıdır.
Qənaətimcə, ABŞ və Çin müəyyən məsələlərdə ortaq hərəkət edə bilərlər, lakin bu, onların strateji rəqabəti arxa plana keçirməsi və ya bir-birinə etimad göstərməsi anlamına gəlməyəcək. Əksinə, nüvə təhlükəsizliyi hər iki dövlətin maraqlarının müəyyən nöqtədə üst-üstə düşdüyü nadir istiqamətlərdən biridir.
Vaşinqton üçün Çinin nüvə potensialının sürətlə genişlənməsi yeni strateji reallıq yaradır. Ona görə də ABŞ artıq təkcə Rusiya ilə ikitərəfli nüvə balansını nəzərə almaqla kifayətlənə bilməz. Çin arsenalının genişlənməsi gələcəkdə ABŞ-ın təhlükəsizlik hesablamalarını, müdafiə strategiyasını və nüvə çəkindirmə siyasətini daha mürəkkəb vəziyyətə gətirə bilər. Buna görə də Vaşinqton Pekini nüvə silahlarına nəzarət və risklərin azaldılması mexanizmlərinə cəlb etməkdə maraqlıdır.
Çin üçün isə belə dialoq ABŞ-la münasibətlərdə əlavə diplomatik imkan yaradır. Pekin öz nüvə potensialını artırmaq hüququnu qorumağa, eyni zamanda beynəlxalq arenada məsuliyyətli böyük dövlət imicini möhkəmləndirməyə çalışır. Bu baxımdan danışıqlarda iştirak Çin üçün həm siyasi, həm də diplomatik dividendlər vəd edə bilər.
Bununla belə, tərəflərin maraqları arasında ciddi ziddiyyətlər mövcuddur. Ən böyük problem nüvə silahlarının sayına yanaşmadır. ABŞ və Rusiya minlərlə nüvə başlığına malik olduğu halda, Çinin arsenalı xeyli kiçikdir. Pekin bu fərqi əsas gətirərək özünü Vaşinqton və Moskva ilə eyni şərtlər daxilində məhdudlaşdırmağı ədalətli hesab etmir. Bu mövqe danışıqların ən mürəkkəb istiqamətlərindən biri olaraq qalacaq”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, ABŞ-Çin münasibətlərində Tayvan məsələsi, Cənubi Çin dənizindəki rəqabət, texnoloji məhdudiyyətlər və ticarət qarşıdurmaları kimi fundamental problemlər mövcuddur:
“Bu məsələlərdən hər hansı birində gərginliyin artması nüvə təhlükəsizliyi üzrə əldə edilən razılaşmaların siyasi atmosferinə mənfi təsir göstərə bilər.
Son üçtərəfli görüşün nəticələrinə də ehtiyatla yanaşmaq lazımdır. Liderlər nüvə müharibəsinin yolverilməzliyi barədə mövqelərini təsdiqləsələr də, konkret silahlara nəzarət danışıqlarının başlanması ilə bağlı aydın yol xəritəsi elan edilməyib. Bu isə hələlik siyasi iradənin mövcud olduğunu, lakin praktiki mexanizmlərin formalaşmadığını göstərir.
Hesab edirəm ki, yaxın perspektivdə ABŞ və Çin arasında genişmiqyaslı strateji razılaşmadan daha çox, məhdud sahələr üzrə əməkdaşlıq mümkündür. Məsələn, nüvə insidentlərinin qarşısının alınması, raket sınaqları barədə əvvəlcədən məlumatlandırma, hərbi rabitə kanallarının açıq saxlanılması və böhran vəziyyətlərində qarşılıqlı məsləhətləşmələr real nəticə verə biləcək istiqamətlərdir.
Razılaşmanın davamlılığına gəlincə, bunu bir neçə aylıq siyasi yaxınlaşma ilə ölçmək düzgün olmaz. Əgər tərəflər danışıqları institusional mexanizmlərə çevirə bilsələr, əməkdaşlıq illərlə davam edə bilər. Əks halda, bu təşəbbüs liderlərin şəxsi münasibətlərindən asılı olan müvəqqəti diplomatik proses olaraq qalacaq.
Başqa sözlə, Pekin və Vaşinqton rəqib olaraq qalmaqla yanaşı, bəşəriyyət üçün ortaq təhlükə yaradan nüvə risklərinin azaldılması istiqamətində əməkdaşlıq edə bilərlər. Əslində, hazırkı beynəlxalq şəraitdə belə məhdud əməkdaşlıq strateji tərəfdaşlıqdan daha real və əhəmiyyətli görünür”.
Turan Rzayev
Globalinfo.az