sg4o991ALfp5Z5QU

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın tənqidlərinə sərt cavab verib.

Globalinfo.az xəbər verir ki, Ter-Petrosyan bugünkü açıqlamasında Ermənistanın heç bir rəhbərinin xalq qarşısında bu qədər vulqar davranışa yol vermədiyini bildirib.

Paşinyan isə “Facebook” səhifəsində paylaşım edərək keçmiş prezidentin hakimiyyəti dövrünü sərt ifadələrlə tənqid edib.

O, Ter-Petrosyanı Ermənistanda jurnalistlərə qarşı zorakılıq ənənəsinin əsasını qoymaqda, çoxsaylı KİV-ləri bağlamaqda, hakimiyyətə gəlmək naminə ölkəni münaqişəyə, daha sonra isə müharibəyə sürükləməkdə ittiham edib.

Baş nazir, həmçinin sabiq prezidentin Ermənistanı kütləvi mühacirətə sövq etdiyini, ölkəni forposta çevirdiyini, Robert Köçəryanı baş nazir təyin edərək hakimiyyəti ona ötürdüyünü deyib.

Paşinyan Ter-Petrosyanı Ermənistanda siyasi qətllər mühitinin formalaşmasında, seçkilərin və konstitusiya referendumunun nəticələrinin saxtalaşdırılması ənənəsinin əsasını qoymaqda, eləcə də 2008-ci il martın 1-də baş verən hadisələr zamanı məsuliyyətdən yayınmaqda günahlandırıb.

O, paylaşımında keçmiş prezidentin Yerabluru daxili siyasi intriqaların predmetinə çevirdiyini, sonradan isə Robert Köçəryan və Serj Sarkisyanla yenidən yaxınlaşdığını da iddia edib.

Paşinyan fikirlərinin sonunda Ter-Petrosyanın ünvanına ittihamlarını davam etdirərək “davamını özünüz yazın” ifadəsini işlədib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: