Azərbaycan BMT-nin 2026-cı il üzrə Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyərək dünyanın ən qabaqcıl 38 ölkəsi sırasına daxil olub. Ölkənin Onlayn Xidmətlər İndeksində 56 pillə yüksələrək 11-ci yeri tutması rəqəmsal transformasiya sahəsində əldə olunan nəticələrin göstəricisidir.
Globalinfo.az bildirir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna yüksəlməsi də ölkədə rəqəmsal idarəetmənin inkişaf səviyyəsini nümayiş etdirir. O bildirib ki, institusional çərçivə üzrə Azərbaycanın dünyada birinci, xidmətlərin təqdim edilməsi üzrə isə Estoniya ilə birlikdə 10-cu yerdə qərarlaşması rəqəmsal hökumət modelinin beynəlxalq standartlara uyğun inkişaf etdiyini göstərir.
“Onlayn Xidmətlər İndeksində 56 pilləlik rekord artımla 11-ci yerə yüksəlmək və bu göstəriciyə görə Böyük Britaniya, ABŞ, Kanada, Norveç kimi yüksək gəlirli ölkələri geridə qoymaq ölkəmizdə rəqəmsal transformasiyanın artıq kəmiyyət mərhələsindən keyfiyyət və proaktiv idarəetmə mərhələsinə keçdiyini göstərir”, – B.Məhərrəmov qeyd edib.
O vurğulayıb ki, bu nəticələrin təməlində Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji baxış və rəqəmsallaşmanı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirən idarəetmə modeli dayanır.
Deputatın fikrincə, dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirənin keçirilməsi, Rəqəmsal İnkişaf Konsepsiyasının və 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planının qəbul edilməsi bu sahədə görülən işlərə vahid və sistemli yanaşma formalaşdırıb.
B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hüquqi və iqtisadi baza da rəqəmsal ekosistemin genişlənməsinə ciddi təkan verib. Buraya vençur maliyyələşdirilməsi və kraudfandinq mexanizmləri, İKT şirkətləri və startaplar üçün genişləndirilmiş güzəştlər paketi, eləcə də texnoparkların fəaliyyətinin təkmilləşdirilməsi daxildir.
Onun sözlərinə görə, bu yanaşma rəqəmsallaşmanı yalnız dövlət xidmətlərinin elektronlaşdırılması ilə məhdudlaşdırmır, eyni zamanda, süni intellekt həllərinin tətbiqini, kibertəhlükəsizliyi və məlumat infrastrukturunun dayanıqlığını vahid arxitekturada birləşdirir.
Deputat rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsində qurumlararası koordinasiyanın əhəmiyyətinə də toxunub. O qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası strateji qərarların praktik müstəvidə icrasında və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsində mühüm rol oynayır.
“Rəqəmsal transformasiya proseslərinin məhz bu səviyyədə əlaqələndirilməsi dövlət qurumları arasındakı ənənəvi bürokratik baryerlərin aradan qaldırılmasına, qərarların uzlaşdırılmasına və islahatların icra sürətinin dəfələrlə artmasına imkan verib”, – o bildirib.
B.Məhərrəmov əlavə edib ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiya siyasəti nəticəsində rəqəmsallaşma ayrı-ayrı dövlət qurumlarının lokal təşəbbüsü olmaqdan çıxaraq, vətəndaş məmnuniyyətinə və biznes mühitinin rahatlığına xidmət edən vahid dövlət siyasəti mexanizminə çevrilib.
Deputat rəqəmsal idarəetmənin praktiki nəticələri sırasında “mygov” platformasının “bir pəncərə” və həyat hadisələri prinsipi əsasında proaktiv modelə keçməsini, “digital.bridge” vasitəsilə qurumlararası məlumat mübadiləsinin dərinləşdirilməsini, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi və “Kağızsız hökumət” standartlarının tətbiqini xüsusi qeyd edib.
O vurğulayıb ki, bütün bu yeniliklər Azərbaycanın rəqəmsal idarəetmə modelinin əsas uğur komponentlərini təşkil edir.
“BMT-nin 2026-cı il hesabatındakı göstəricilər ölkəmizin artıq rəqəmsal transformasiya sahəsində təcrübə öyrənən tərəfdən öz uğurlu və innovativ idarəetmə modelini dünyaya təqdim edən qabaqcıl ölkələr sırasına keçdiyini təsdiqləyir”, – B.Məhərrəmov fikirlərini yekunlaşdırıb.