“Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri milli sahibkarlığın gücləndirilməsi və iqtisadi suverenliyimizin möhkəmləndirilməsi baxımından müsbət qiymətləndiririk. Dövlət Vergi Xidməti peşəkarlıq, əlçatanlıq və biznes ictimaiyyətinə yaxınlıq baxımından xüsusi fərqlənən hökumət orqanıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
Deputat qeyd edib ki, son illərdə vergi daxilolmalarının artması, iqtisadi dövriyyələrin leqallaşdırılması, kölgə iqtisadiyyatının miqyasının azaldılması mühüm nailiyyətlərdir:
“Xüsusilə, qanun layihəsində 67 istiqamət üzrə dəyişiklikdən 21-nin bilavasitə sahibkarların təşəbbüsləri əsasında hazırlanması biznes ictimaiyyətinin dövlətin iqtisadi siyasətinin formalaşdırılmasında iştirakını göstərir.
Lakin Hesablama Palatasının rəyinə görə 2024-cü ilin iyununda qeydiyyatdan keçən 1 milyon 512 min vergi ödəyicisindən 198 min 296-sı fəaliyyət göstərirdisə, 2025-ci ilin eyni dövründə qeydiyyatdan keçənlərin sayı 65 mindən çox artdığı halda, fəaliyyətdə olanlar eyni sayda çoxalmayıb. Digər tərəfdən, Dövlət Vergi Xidməti aktiv vergi ödəyicilərinin sayının 887 mini keçdiyini bildirir. Hər iki göstərici arasındakı fərqin iqtisadi və metodoloji mahiyyətini aydınlaşdırmalıyıq. Müəssisənin bir gün ərzində qeydiyyata alınması onun on il yaşayacağına təminat vermir. Sahibkarlığın demoqrafiyasına dair ayrıca statistik bazanın yaradılmasını təklif edirik.
Mikrosahibkarların daha yüksək sahibkarlıq kateqoriyasına keçməsi zamanı vergi yükünün optimallaşdırılması, müəyyən şərtlərlə beş il müddətinə 25 faizlik vergi güzəştinin verilməsi 10 minədək sahibkarımızın inkişafı üçün yeni imkanlar açır. İndiyədək müəssisənin böyüməsi bir sıra hallarda onun vergi güzəştlərindən məhrum olması ilə nəticələnirdi. Təklif olunan dəyişikliklər həmin ziddiyyətin aradan qaldırılması istiqamətində mühüm addımdır. Azərbaycanın iqtisadi hədəfi yüz minlərlə mikrosahibkarla bərabər, onların arasından yüzlərlə iri, uzunömürlü, beynəlxalq bazarlarda rəqabət aparan milli şirkətlərin yetişməsidir.
KOBİA-nın 2025-ci ildə keçirdiyi sorğuda vergi hesabatlarının və hesablama qaydalarının sadələşdirilməsi ilə bağlı təkliflər 22,64 faiz, elektron sistemlərin təkmilləşdirilməsi 14,29 faiz, vergi yükünün azaldılması 13,33 faiz, ƏDV sisteminin təkmilləşdirilməsi 11,43 faiz təşkil edib. Göründüyü kimi, sahibkarlarımız üçün vergi inzibatçılığının sadələşdirilməsi vergi dərəcələrinin azaldılması qədər, hətta ondan daha böyük əhəmiyyət daşıyır.
Vergi borclarına hesablanan gündəlik faizlərin 0,1 faizdən 0,05 faizə, sadə illik hesablamada 36,5 faizdən 18,25 faizə endirilməsi sahibkarların maliyyə sağlamlaşdırılması baxımından olduqca əhəmiyyətli qərardır. Eyni zamanda, dövlət sifarişlərini yerinə yetirən sahibkarların ödənişlərinin gecikdirilməsi nəticəsində yaranan vergi borclarına münasibətdə qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılmasını, istehsal müəssisələrinin borclarının restrukturizasiyası imkanlarının genişləndirilməsini təklif edirik”.
Deputat bildirib ki, ötən illərdə kənd təsərrüfatına, sənaye parklarına, turizmə, texnologiyaya və digər sahələrə tətbiq edilən vergi güzəştləri ölkəmizin iqtisadi inkişafına xidmət edib:
“Təklif edirik ki, gələcəkdə büdcə zərfinə vergi güzəştlərinin iqtisadi səmərəliliyinə dair ayrıca sənəd daxil edilsin. Son on ildə dövlətin güzəşt şəklində sahibkarların sərəncamında saxladığı vəsait hesabına nə qədər əlavə dəyər yaradılıb, neçə daimi iş yeri açılıb, hansı məhsullar üzrə idxaldan asılılığımız azalıb? Vergi orqanlarının fəaliyyətini qiymətləndirərkən toplanan vəsaitlə yanaşı, milli müəssisələrin iqtisadi gücünün artması da başlıca meyarlardan olmalıdır.
Qlobal iqtisadi qarşıdurmalar, embarqolar və beynəlxalq təchizat zəncirlərinin pozulması şəraitində milli istehsalın genişləndirilməsi iqtisadi təhlükəsizliyimizin mühüm şərtidir. Dərman preparatları, tibbi avadanlıqlar, kənd təsərrüfatı texnikası, elektronika, kimya sənayesi və ərzaq məhsulları üzrə xüsusi istehsal təşviqləri müəyyənləşdirilə bilər. Vergi və gömrük siyasəti elə qurulması vacibdir ki, Azərbaycanda istehsalını təşkil edən, texnologiya gətirən, mühəndis və fəhlələrimizi işlə təmin edən sahibkar xaricdən hazır məhsul gətirib satan sahibkardan daha əlverişli vəziyyətdə olsun. Standart ƏDV dərəcəsinin 18 faiz olduğu nəzərə alınaraq, istehsal üçün zəruri avadanlıq və xammal idxalında vergi ödənişlərinin təxirə salınması imkanlarını genişləndirə bilərik.
Dünyada rəqəmsal nəhənglərin iqtisadi gücünün bir sıra dövlətlərin imkanlarını üstələdiyi, texnofeodalizm adlanan yeni asılılıq münasibətlərinin yarandığı bir dövrdə Azərbaycanın öz texnologiyalarını yaratması üçün milli kapitalı təşviq etməliyik.
Kənd təsərrüfatında tam vergi azadolmasının müəyyən şərtlərlə 90 faizlik güzəştlə əvəz edilməsi zamanı iri aqroparklarla kiçik ailə təsərrüfatlarının fərqli iqtisadi imkanları nəzərə alınmalıdır. Əsas ərzaq məhsulları üzrə ƏDV güzəştlərinin davam etdirilməsini əhalinin sosial müdafiəsi baxımından mühüm qərar hesab edirik. Regionlarda isə vergi təşviqlərinin işsizliyin səviyyəsinə, əhalinin gəlirlərinə və daxili miqrasiyaya uyğun müəyyənləşdirilməsi yeni istehsal müəssisələrinin yaradılmasına, paytaxta axının azalmasına xidmət edə bilər”.
Safura Bənnayeva
Globalinfo.az