WhatsApp Image 2026 01 26 at 14.23.43 900x559 1

Bəzən bir əməliyyatın nəticəsi rəqəmlərlə ifadə olunur, amma həmin rəqəmlərin arxasında nə qədər böyük zəhmət, məsuliyyət və sayıqlıq dayandığını görmək üçün bir qədər dərindən düşünmək lazımdır. Azərbaycan-İran dövlət sərhədində son günlər baş verənlər də məhz belə hadisələrdəndir.

Tez-tez İrandan Azərbaycana uçan və hər qramı ilə ölüm saçan narkotik yüklü dronların zərərsizləşdirilməsi xəbərlərini oxuyuruq. Ötən gün də Dövlət Sərhəd Xidməti İran istiqamətindən ölkəmizə daxil olmağa çalışan paratrike tipli uçuş aparatını məhv edib. Nəticədə 21 kiloqram 210 qram narkotik vasitə, 4 min ədəd psixotrop tərkibli həb götürülüb, aparatı idarə edən İran vətəndaşı saxlanılıb.

Bu hadisə bir daha göstərdi ki, narkotik qaçaqmalçıları məqsədlərinə çatmaq üçün nə qədər fərqli vasitələrə əl atsalar da, Azərbaycan sərhədinin keşiyində dayananların sayıqlığını aşa bilmirlər.

Sərhədçi gecənin qaranlığında, çətin hava şəraitində, bəzən kilometrlərlə uzanan ərazidə xidmət aparır. Onun üçün hər gün eyni məsuliyyət, eyni diqqət və eyni hazırlıq tələb olunur. Çünki sərhəddə bir anlıq diqqətsizlik ölkənin təhlükəsizliyi üçün ciddi nəticələr doğura bilər.

Bu gün narkotik qaçaqmalçıları əvvəlki üsullarla kifayətlənmirlər. Dronlar, müxtəlif uçuş aparatları və digər texniki vasitələr onların fəaliyyətində yeni imkanlar yaradır. Deməli, sərhəd mühafizəsi də bu çağırışlara uyğun qurulmalıdır. Müasir texnologiya, peşə hazırlığı, çevik qərarvermə və operativ koordinasiya artıq bu xidmətin ayrılmaz hissəsidir.

Azərbaycan sərhədçilərinin son əməliyyatları da göstərir ki, dövlət sərhədinin mühafizəsi yalnız fiziki nəzarətlə məhdudlaşmır. Burada texniki imkanlarla insan amili, peşəkarlıqla məsuliyyət birləşir.

Ən böyük təhlükələrdən biri isə narkotik qaçaqmalçılığının hədəfində insanın dayanmasıdır.

Sərhəddən keçirilməsinə cəhd göstərilən hər narkotik yükü gələcəkdə hansısa gəncin həyatını dəyişə, bir ailənin faciəsinə çevrilə bilər. Bu baxımdan sərhədçilərimizin qarşısını aldığı hər belə cəhd təkcə hüquqpozmanın aşkarlanması deyil, həm də cəmiyyətin sağlamlığının qorunmasıdır. Məhz buna görə sərhədçilərin fəaliyyəti yalnız hərbi xidmət və təhlükəsizlik məsələsi deyil, həm də mühüm sosial məsuliyyətdir.

Azərbaycan sərhədçisi üçün dövlət sərhədi sadəcə xəritədə çəkilmiş bir xətt deyil. O xətt Azərbaycanın suverenliyidir, təhlükəsizliyidir, gələcəyidir. Onu qorumaq isə hər gün, hər saat, hər şəraitdə məsuliyyət tələb edən müqəddəs vəzifədir.

Bu gün sərhədin keşiyində dayanan hər bir hərbçimiz bilməlidir ki, onun xidməti ölkənin hər yerində yaşayan insanların rahatlığına xidmət edir. Biz də bilməliyik ki, gündəlik həyatımızın təhlükəsizliyində onların payı böyükdür.

Sərhədimiz təhlükəsiz olduqca dövlətimiz güclüdür. Bu möhkəmliyin arxasında isə gecə-gündüz xidmət aparan, Vətənin keşiyində ayıq-sayıq dayanan Azərbaycan sərhədçisi var.

Onların əməyi, fədakarlığı və peşəkarlığı hər cür təqdirə layiqdir.

zaira akifqizi yeni 900x600 3

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: