est

Xəbər verdiyimiz kimi, Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq.

Globalinfo.az xəbər verir ki, “Guardian” nəşri məsələnin detalları barədə yazı dərc edib.

Bildirilib ki, Estoniyanın bu addımının səbəbi həftəsonu ölkədə pilotsuz uçuş aparatları istehsal edən şirkətə qarşı törədilməsi ehtimal olunan təxribat cəhdi olub.

Estoniya hakimiyyəti hadisənin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sifarişi ilə həyata keçirildiyini bildirib.

“Şənbə günü səhər saatlarında uzaqmənzilli hücum və kəşfiyyat dronları istehsal edən müdafiə şirkəti “Threod Systems”ə qarşı hücum cəhdində səkkiz nəfər saxlanılıb. Şirkətin təhlükəsizlik əməkdaşlarının hadisəyə müdaxiləsindən sonra xəsarət alan və ya maddi zərər görən olmayıb.

Estoniyanın Daxili Təhlükəsizlik Xidməti (Kapo) bazar günü bildirib ki, hücumun məqsədi partlayış törətmək və binanı yandırmaq olub. Ölkənin ictimai yayım qurumu “ERR”in məlumatına görə, hakimiyyət saxlanılan şəxslərdən beşinin həbsdə saxlanılması üçün məhkəməyə müraciət edib”, – deyə nəşr yazıb.

Estoniyanın Baş naziri Kristen Mixal bildirib ki, sərhədlərin bağlanması yeni hücumlar riskini azaltmaq və Estoniyanın müdafiə sənayesinə və müdafiə imkanlarına qarşı hücumların qəbuledilməz olduğunu nümayiş etdirmək məqsədi daşıyır.

O, hücum cəhdlərini Estoniyanın Ukraynaya davam edən dəstəyi ilə əlaqələndirib:

“Rusiyanın məqsədi bizi qorxutmaq, tərəddüdə salmaq və Ukraynaya dəstəyimizi zəiflətməkdir”.

Baş nazir əlavə edib ki, Estoniyanın cavabı bunun əksi olacaq:

“Biz təhlükəsizliyimizi gücləndirəcək, şirkətlər və müttəfiqlərimizlə daha sıx əməkdaşlıq edəcək, Rusiyaya təzyiqi artıracaq və Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna da oxşar xəbərdarlıqla çıxış edib.

“Rusiya anlamalıdır ki, Estoniyaya qarşı düşmənçilik hərəkətləri nəticəsiz qalmayacaq. Təhlükəsizliyimizi qorxutmaq, sabitliyi pozmaq və ya zəiflətmək cəhdlərinin cavabı olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Estoniyanın Rusiya ilə üç sərhəd-keçid məntəqəsi var. Bunlar ölkənin şimalında yerləşən Narva, cənubunda yerləşən Koidula və Luhamaa keçid məntəqələridir. Hakimiyyət sərhədlərin nə qədər müddətə bağlanacağını açıqlamayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: