mol

“Kişinyovun siyasi kursu Avropa İttifaqına (Aİ) üzvlüyə yönəlib, Rusiyanın irəli sürdüyü ideyalar isə heç bir əhəmiyyət daşımır”.

Globalinfo.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu deyib.

O, bu fikirləri Almaniyanın “Bild” nəşrinin Moskvanın Moldovanın “federativ respublikaya” çevrilməsini tələb etməsi barədə yaydığı məlumata münasibət bildirərkən səsləndirib.

“Biz referendum keçirdik, xalq səs verdi və Moldova Respublikasının Avropaya inteqrasiya istiqamətini Konstitusiyada təsbit etdik. Nöqtə. Rusiyanın arxivdən çıxardığı bütün digər ideyalar bizim üçün heç bir əhəmiyyət daşımır”, – deyə Qrosu bildirib.

Bundan əvvəl “Bild” qəzeti mənbələrinə istinadən yazıb ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması çərçivəsində Avropaya sərt tələblər irəli sürüb.

Qəzetin iddiasına görə, həmin tələblər arasında Moldovanın razılaşmanın nəticəsi olaraq federativ respublikaya çevrilməsi, Dnestryanı bölgənin federasiyaya daxil edilməsi və Qaqauziyanın tamhüquqlu muxtariyyət statusu alması da var.

“Bild”in məlumatına əsasən, Moldova Avropa İttifaqına üzv olacağı təqdirdə, bu bölgələr müstəqilliklə bağlı referendum təşəbbüsü ilə çıxış edə biləcəklər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: