Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin görüşü barədə məlumat yayıb.
Qurumdan Globalinfo.az-a bildirilib ki, C.Bayramov və B.Osmani arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Geniştərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub.
Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub.
Rəsmi Bakının Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib.
İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə Azərbaycan və Ermənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda, ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
***12:24
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında geniş tərkibdə görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində bildirilib.
Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan–ATƏT əməkdaşlığı mövzusunda fikir mübadiləsi aparılıb.
***12:11
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında təkbətək görüş başa çatıb.
Globalinfo.az xəbər verir ki, hazırda tərəflər arasında geniş tərkibli görüş keçirilir.
***11:22
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
Globalinfo.az xəbər verir ki, C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, ATƏT sədri Azərbaycanda səfərdədir.
Happening now: @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan 🇦🇿 welcomes @Bujar_O, @OSCECiO, Minister of Foreign Affairs of the Republic of #NorthMacedonia 🇲🇰 within the latter’s visit to 🇦🇿 pic.twitter.com/WHDl85o1UZ
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 12, 2023